...

Beynəlxalq aləm ermənilər Fransa və Kaliforniyada ərazi iddiaları ilə çıxış edəndə ayılacaq - Baş nazirin müavini

Siyasət Materials 20 İyun 2011 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bazar ertəsi Ümumdünya
Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu gün dünyada 49 milyon yaşayış yerini itirmiş insan, onlardan 26 milyon məcburi köçkün, 10 milyon qaçqın, 12 milyon vətəndaşlığı olmayan insan var.

Həsənov təssüflə bildirib ki, Azərbaycanda da qaçqın və məcburi köçkün problemi mövcuddur. "Bir milyona qədər qaçqın və ərazisinin 20 faizinin işğal olunması Sovet İttifaqının dağılması zamanı Azərbaycana qalan "hədiyyə" oldu", - o bildirib.

Həsənovun sözlərinə görə, 20 ildir ki, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğuldurlar, amma heç bir irəliləyiş yoxdur. Baş nazirin müavininin sözlərinə görə, bunun səbəbi işğalçı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi və beynəlxalq təşkilatların buna göz yummasıdır.

"Ermənistan ərazi iddiasını bu gün nəinki Azərbaycana qarşı, eləcə də Gürcüstanda, Türkiyədə və Rusiyanın Krasnodar əyalətində də təkrarlayır. Beynəlxalq aləm o vaxt ayılacaq ki, ermənilər Fransada və ABŞ-ın Kaliforniya ştatında ərazi iddilaları ilə çıxış edəcəklər", - Həsənov deyib.

O, həmçinin bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün bütün işlər görülür, lakin beynəlxalq donor təşkilatlar Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərə öz yardımlarını əsirgəməməlidirlər.

Tədbirdə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Ümumdünya Qaçqınlar Günü münasibətilə ünvanlanmış məktubu səsləndirilib. Məktubda ali komissar qeyd edib ki, son 20 ildə Azərbaycanda qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən böyük işlər görülüb və onlara yüksək diqqət və qayğı göstərilir.

Tədbir zamanı Akademiyada quraşdırılmış fotosərgi, həmçinin Azərbaycanda məskunlaşan əfqan, çeçen və İran qaçqın qadınları tərəfindən hazırlanan əl işlərinin sərgisinə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti