...

Türkiyənin Bayburtla Azərbaycanın Tovuz rayonunun qardaşlaşmış şəhərlər olması ilə bağlı razılıq əldə edilib (FOTO)

Siyasət Materials 19 İyul 2011 16:07 (UTC +04:00)
Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq mədəniyyət və sənət festifalında iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat ilə görüşüb
Türkiyənin Bayburtla Azərbaycanın Tovuz rayonunun qardaşlaşmış şəhərlər olması ilə bağlı razılıq əldə edilib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq mədəniyyət və sənət festifalında iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat ilə görüşüb.

Trend-in məlumatına görə, azərbaycanlı deputat görüşlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş məlumat verib.

Paşayeva 1 milyondan çox azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, onların insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini, rəsmi Yerevanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün artıq 20 ilə yaxındır ki, doğma ev-eşiyinə dönməsinə imkan vermədiyini xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edildiyi zaman minlərlə azərbaycanlının qətlə yetirildiyini, soyqırımı törədildiyini, dinc soydaşlarımızın əsir və girov götürülərək amansız işgəncələrə məruz qaldıqlarını diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq hüquq normalarına zidd olaraq bu gün də onlarla azərbaycanlı Ermənistanda əsir və girov saxlanılır.

Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat ölkələrimiz arasındakı möhkəm dostluq, qardaşlıq əlaqələrindən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini daim dəstəklədiklərini bildiriblər.

Paşayeva görüş iştirakçılarına Azərbaycan həqiqətlərindən, tarix və mədəniyyətimizdən bəhs edən kitablar təqdim etmişdir. Görüşdə türk dünyasının qədim yurd yerlərindən olan Bayburtla Azərbaycanın Tovuz rayonunun qardaşlaşmış şəhərlər olması ilə bağlı razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti