...

Əli Əliyev: Azərbaycanda müxalifət partiyaları AXCP və Müsavat Partiyası olmadan da birləşəcəklər

Siyasət Materials 20 İyul 2011 15:07 (UTC +04:00)
Müxalifət partiyaları Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları olmasa da birləşmə istiqamətində fəaliyəti davam etdirəcəklər.
Əli Əliyev: Azərbaycanda müxalifət partiyaları AXCP və Müsavat Partiyası olmadan da birləşəcəklər

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalifət partiyaları Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları olmasa da birləşmə istiqamətində fəaliyəti davam etdirəcəklər. Bu barədə çərşənbə günü Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Əliyev deyib ki, müxalif partiyaların zirvə görüşünü təşkil etmiş Vətəndaş Hərəkatı Forumunun (VHF) rəhbərliyi ilə mütəmadi görüşlər keçirilir.

"Bu gün də VHF nümayəndələri ilə görüş keçirdik. Partiya sədrlərinin görüşündən sonrakı durumu müzakirə etdik. Bu müzakirə nəticəsində situasiyanı onlarla dəqiqləşdirdik. "Zirvə görüşü"ndən sonra belə müəyyən olunmuşdu ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu siyasi partiyaların təmsilçisi olaraq VHF-nin üzvləri ilə birlikdə tədbirə qatılmamış iki partiya ilə əlaqə yaratsın", - Əliyev qeyd edib.

İyulun 9-da Vətəndaş Hərəkatı Forumunun təşəbüsü ilə müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib. AXCP və Müsavat rəhbərləri görüşdə iştirak etməyiblər.

VİP sədri deyib ki, Vətəndaş Hərəkatı Forumunun hələ də AXCP və Müsavat rəhbərliyi ilə görüşü baş tutmayıb.

"Yaxın zamanlarda görüşün baş tutacağı gözlənilir. Görüşlərin yekunları olaraq 6 partiyanın iştirakı ilə qeyri-rəsmi görüş keçirib əlaqələrin nəticəsini müzakirə edəcəyik və atacağımız addımlara müvafiq qərar qəbul edəcəyik", - o vurğulayıb.

Əliyev onu da bildirib ki, VİP-in AXCP və Müsavatla birlik yaratmaq üçün böyük marağı yoxdur.

"AXCP və Müsavat bizim yaradacağımız birliyə qoşularsa, lap yaxşı, qoşulmayacaqlarsa, o da öz qərarlarıdır və biz ona hörmətlə yanaşacağıq. Vətəndaş Hərəkatı Forumunun qaldırdığı təşəbbüs Azərbaycan müxalifətinin düşdüyü ağır vəziyyətdən çıxarılması üçündür. Hesab edirik ki, vəziyyətin dəyişməsində maraqlı olan bütün tərəflər bu birliyə qoşulmalıdırlar", - VİP sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti