...

Prezident Bronislav Komorovski: Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır

Siyasət Materials 26 İyul 2011 00:33 (UTC +04:00)
Azərbaycan və Polşa təmasları sürətlə inkişaf edir. Əslində, bu təmaslar həm siyasi, həm digər səviyyələrdə baş verir və hesab edirəm ki, ictimai həyatın bütün sahələrində inkişaf edəcək, Trend-in məlumatına görə, bunu iyulun 25-də Bakıda Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra Polşa Prezidenti Bronislav Komorovski birgə mətbuat konfransında bəyanatı zamanı bildirib.
Prezident Bronislav Komorovski: Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır

Azərbaycan və Polşa təmasları sürətlə inkişaf edir. Əslində, bu təmaslar həm siyasi, həm digər səviyyələrdə baş verir və hesab edirəm ki, ictimai həyatın bütün sahələrində inkişaf edəcək, Trend-in məlumatına görə, bunu iyulun 25-də Bakıda Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra Polşa Prezidenti Bronislav Komorovski birgə mətbuat konfransında bəyanatı zamanı bildirib.

"Əminəm ki, Polşa və Azərbaycan öz regionlarında mühüm, getdikcə əhəmiyyəti artan rol oynamaqdadır. Bu, o faktla sübut olunur ki, biz hamımız həm Azərbaycanda, həm də Polşada sürətli iqtisadi artımın şahidiyik. Ötən il Azərbaycanın iqtisadi artımı çox yüksək səviyyədə olmuşdur. Əslində, bu, Sizin ölkənizə böyük hörmət qazandırır və biz bundan çox şadıq. Əminik ki, bu əməkdaşlığın, bu əlaqələrin təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə Polşa ilə Azərbaycan arasında əlaqələr inkişaf etməlidir. Hesab edirik ki, bugünkü iqtisadi forum çox vacibdir" Komorovski deyib.

Onun sözlərinə görə, münasibətlər iki dövlət arasında olan münasibətlərdir.
"Demək olar ki, hər iki ölkə müstəqilliyini eyni vaxtda əldə etmişdir və bu, bizə azadlıq gətirdi. Biz müdrik addımlar atdıq ki, müstəqilliyimiz yaxşı olsun, o cümlədən iqtisadi əməkdaşlığın yaxşı təməli olsun. Əslində bu, standart deyil, standartlardan daha yüksək bir əməkdaşlıqdır. Mən sizin diqqətinizi bir sıra faktlara yönəltmək istəyirəm, bu faktlar Polşa-Azərbaycan münasibətlərinə təsir edir. Çünki həmin faktlar sırf bu münasibətlərin çərçivəsindən də kənara çıxır. Bu, həmçinin Azərbaycanın Avropa İttifaqı, Avropa ilə münasibətlərinə aiddir. Bildiyiniz kimi, hazırda Polşa Avropa İttifaqında sədrlik edir.

Beləliklə, Polşa Avropa İttifaqının gündəliyini müəyyən edir və həmçinin bu, Avropa İttifaqına üzv olmayan dövlətlərlə münasibətlərin istiqamətlərini müəyyən edir.

Biz bilirik ki, sentyabrda Varşavada keçiriləcək sammitdə cənab Prezident də iştirak edəcək. Əslində, bu zirvə görüşü "Şərq tərəfdaşlığı" proqramında iştirak edən dövlət başçılarının toplantısı olacaqdır. Mən demək istəyirəm ki, Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır. Biz istərdik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ üzvlük Sazişi haqqında danışıqlar uğurla keçsin. Çünki bizi eyni prinsiplər, eyni qaydalar bağlamalıdır. Bu, Qərblə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun Polşa-Azərbaycan münasibətləri üçün də çox böyük əhəmiyyəti vardır. Biz bir çox məsələləri nəzərdən keçirdik, müzakirə etdik, regiondakı siyasət, böyük qonşularımızın regionda gedən proseslərə təsiri haqqında danışdıq. Həmçinin enerji sahəsində əməkdaşlığa toxunduq. Polşa bir daha maraqlı olduğunu bəyan edir ki, enerji resurslarının çatdırılmasına öz töhfəsini verməyə hazırdır. Hesab edirəm ki, bu, nəinki bizim ölkə üçün, bütövlükdə Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqı tərəfindən təsdiq edilmiş bir layihə var. Əslində, bu, Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə aiddir. Bu layihə aktual hesab olunur və demək istəyirəm ki, bugünkü dünyada əgər əhəmiyyətdən söhbət gedirsə, bu layihənin biznes baxımından əhəmiyyəti artır.

Çünki biz hesab edirik ki, burada ən vacibi nəinki siyasi məsələlərdir, eyni zamanda, biznes üçün də əsaslandırılmış məsələlər olmalıdır. Çünki bu kimi məsələlər həmin layihə üçün çox vacibdir. Ona görə də mən bildirmək istəyirəm ki, Azərbaycan nefti artıq neftayırma zavodlarına daxil olur, bunlar Polşa kapitalı əsasında işləyən zavodlardır. Bir milyon ton Azərbaycan nefti ilbəil neftayırma zavodlarına daxil olur. Bizim müəssisələrimizə, lakin Çexiya Respublikasının ərazisində olan zavodlarımıza daxil olur. Bu, o deməkdir ki, siz artıq bizim sərhədlərimizə yaxınsınız. Bu, o deməkdir ki, biz indi elə bir təsir göstərməliyik ki, öz regionumuzun enerji məsələlərinin həllinə nail olaq. Hesab edirik ki, bu, tam əsaslandırılmış formada olmalıdır" Polşa Prezidenti bəyanatında bildirib.

Dağlıq Qarabağ münaqişəsinə dair jurnalistin sualını cavablandıram Komorovski bildirib ki, burada elə problemlər var ki, regionun bütöv, funksional olmasına maneçilik törədir.

"Bu regionda, dünya xəritəsinin bu hissəsində Azərbaycan məhz sabitliyə töhfə verən bir ölkə kimi tanınır, sabitlik amili rolunu oynayır. Mən cənab Prezidentə dedim ki, hər hansı bir formul olaydı ki, biz bu çətin sualdan bir növ kənara çəkilək. Dağlıq Qarabağ məsələsinə gəldikdə, Ermənistan və Azərbaycan arasındakı bu münaqişə sülh yolu ilə həll olunsun.

Lakin bizim özümüzün mürəkkəb təcrübəmiz var. Biz bilirik ki, ərazi bütövlüyü məsələsi nə qədər vacibdir. Bu, müqəddəs məsələdir. Amma eyni zamanda, xalqların öz müqəddəratının təyin etməsi hüququ da vacibdir. Harada ki münaqişələr mövcuddur, bu prinsiplər təsdiq edilmişdir. Ən təhlükəlisi odur ki, kimsə coğrafiyadan, siyasi şəraitdən asılı olaraq, buna fərqli mövqelərdən yanaşıbdır.

Bizim Polşada özümüzün ağrılı təcrübəmiz olubdur. Əslində bizim çox çətin, mürəkkəb tariximiz, keçmişimiz olub. Tarixən bizim torpaqlarımız olub ki, orada etnik və dini azlıqların nümayəndələri yaşayıblar. Demək istəyirəm ki, mənim nəslimdən, "Solidarnost" nəslindən olan insanların ən böyük nailiyyəti ondan ibarətdir ki, biz nifrətin və dözümsüzlüyün aradan qaldırılmasına nail olmuşuq. Çox güclü qonşumuzla münasibətdə Polşanın çox kəşməkəşli tarixi olubdur. Almaniya, Rusiya, Ukrayna ilə olan münasibətlərimizə xələl gətirən proseslər olubdur. Amma biz müvəffəqiyyət əldə etdik, bu tarixi çətinliklərdən çıxdıq. İndi isə tamamilə başqa bir mühitdə, inteqrasiya mühitində addımlar atırıq. Bu, Avropaya inteqrasiya mühitidir və tam yeni həyat şəraitidir. Buna görə də biz, təbii ki, onun tərəfdarıyıq və istərdik ki, bu münaqişə ümumiyyətlə aradan qaldırılsın, həll olunsun və bu region xalqları sakit şəraitdə layiqincə yaşasınlar. Bu məqsədlə Minsk qrupu yaradılıb, o, bu məsələ ilə məşğuldur. Lakin mən bildirmək istəyirəm ki, bu münaqişəyə aidiyyəti olan şəxslər əziyyət çəkiblər və istərdim ki, məhz həmin şəxslər özləri desinlər ki, hansı yolla getməliyik. Onlar münaqişənin tənzimlənməsində fəal şəkildə iştirak etsinlər. Bizim üçün olduqca vacibdir ki, insanların qəlbinə yol tapaq, bu regionda yaşayan insanların qəlbinə daha yaxın olaq" dövlət başçısı söyləyib.

Xəbər lenti

Xəbər lenti