Gürcüstan, Tbilisi, 9 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan xarici işlər nazirinin müavini Sergi Kapanadze cümə günü ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland və Fransa səfirləri, Avropa İttifaqının nümayəndə heyəti, eləcə də Aİ-nin Gürcüstandakı müşahidə missiyasının rəhbərləri ilə görüşüb.
Görüşün mövzusu bu il sentyabrın 7-də Rusiyanın hərbi vertolyotu Mİ-8 tərəfindən ölkənin suveren hava məkanının pozulması faktı olub. Bu barədə Trend-ə Gürcüstan XİN-in mətbuat departamentindən bildiriblər.
Gürcüstan tərəfi vurğulayıb ki, 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinin növbəti dəfə pozulması və Gürcüstanın hava məkanına soxulma ölkədə yenidən vəziyyəti gərginləşdirmək məqsədi güdür.
Gürcü tərəfi diplomatları bu faktı müvafiq şəkildə qiymətləndirməyə, həmin sazişə riayət etmək və beynəlxalq hüququn prinsip və normalarına hörmət etmək tələbi ilə Rusiyaya təzyiq göstərməyə çağırıb.
Rusiya tərəfi bu faktı təkzib edib.