...

Türkdilli ölkələrin iqtisadi əməkdaşlığı Almatıdakı sammitdə müzakirə olunacaq

Siyasət Materials 15 Sentyabr 2011 12:30 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Almatıda keçiriləcək birinci sammiti diqqəti quruma üzv olan ölkələrin iqtisadi əməkdaşlığının inkişafı mövzusuna yönəldəcək.
Türkdilli ölkələrin iqtisadi əməkdaşlığı Almatıdakı sammitdə müzakirə olunacaq

Qazaxıstan, Astana, 15 sentyabr /Trend, müxbir A.Maratov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Almatıda keçiriləcək birinci sammiti diqqəti quruma üzv olan ölkələrin iqtisadi əməkdaşlığının inkişafı mövzusuna yönəldəcək. Trend-in məlumataına görə, bu barədə TDƏŞ Katibliyinin rəhbəri Xəlil Akıncı bildirib.

"Almatıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci sammiti bir mövzu - iqtisadi əməkdaşlıq ətrafında cəmləşəcək. Belə qərar konkret məsələyə daha çox diqqət ayırmaq cəhdinə əsaslanır", - Akıncı Trend-ə eksklüziv müsahibəsində bildirib.

Oktyabrın 20-21-də Almatıda keçiriləcək sammitə təkcə türkdilli dövlətlərin rəhbərləri deyil, həm də beynəlxalq təşkilat və strukturların nümayəndələri də gələcəklər. Sammitin keçirilməsi təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb.

"Bu, sadəcə görüş deyil, TDƏŞ-in Avropa İttifaqı və BMT kimi beynəlxalq təşkilat statusunda təqdim olunacağı sammit olacaq", - Türkiyənin Rusiyadakı keçmiş səfiri Akıncı bildirib.

O, TDƏŞ-in iki əsas məqsədi olduğunu xatırladıb. Bunlar türkdilli dövlətlər arasında əməkdaşlığın gələcək inkişafı və gələcək nəsillərə bu tapşırığın yerinə yetirilməsinə qadir olan səmərəli və həqiqi təşkilat qoyub getmək.

Akıncı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq birliklərdən fərqini tarix, mədəniyyət və dilin ümumi olmasında görür.

2009-cu ilin oktyabrında Naxçıvanda türkdilli dövlət başçılarının 9-cu sammiti keçirilib. Sammitdə Azərbaycan, Qazaxıstan, Qığızıstan, Türkiyə prezidentləri və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini iştirak edib. Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş, başqa sözlə "Naxçıvan sazişi" imzalanıb. Sənəd türk xalqlarının birliyinin möhkəmləndirilməsi məqsədilə yaradılan TDƏŞ-in təşkili üçün əsas olub. Bu sazişə yalnız Türkmənistan qoşulmayıb.

TDƏŞ çərçivəsində yaradılan Katiblik sammitdə qəbul edilən qərarların monitorinqini keçirir, yüksək səviyyədə görüşlərin, ekspert qruplarının iclaslarının hazırlanmasını həyata keçirir, ümumtürk prioritetlərinə malik sənədlərə əlavələr edir. Katiblik İstanbulda yerləşir.

Xəbər lenti

Xəbər lenti