...

Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 24 Sentyabr 2011 05:38 (UTC +04:00)
Cümə günü Azərbaycan Respublikası və Hindistan Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Xarici işlər nazirliyinin mətbuat xidməti məlumat verib.
Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Cümə günü Azərbaycan Respublikası və Hindistan Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Xarici işlər nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Hindistan tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə Dövlət Katibi Sancay Sinqh başçılıq etmişlər.

Tərəflər müxtəlif sahələrdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, neft-kimya, kənd təsərrüfatı, əczaçılıq, mədəni, humanitar, təhsil və enerji sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd etmişlər. Eyni zamanda qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmışlar.

Nazir müavini X.Xələfov Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi barədə Hindistan tərəfinə məlumat vermişdir. Azərbaycanın Hindistanla əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan X.Xələfov, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirərək, parlamentlərarası dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının faydalı olacağını qeyd etmişdir.

Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edən Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə Dövlət Katibi Sancay Sinqh Azərbaycan Respublikasının müstəqillyinin 20-ci ildönümü münasibətilə Hindistan Hökumətinin təbriklərini çatdırmışdır.

Tərəflər 2012-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyi münasibətilə hər iki ölkədə birgə silsilə tədbirlərin keçirilməsi barədə yekdil olmuşlar. Bununla yanaşı qarşılıqlı olaraq Azərbaycanda Hindistan mədəniyyəti günlərinin və eyni zamanda Hindistanda Azərbaycan mədəniyyəti günlərinin, o cümlədən kinofestivalların keçirilməsinin faydalı olacağına inam ifadə etmişlər.

Məsləhətləşmələr zamanı informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması, cari ilin noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının gündəliyi barədə fikir mübadiləsi aparmışlar.

Eyni zamanda iki ölkə arasında müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə hazırda müzakirə mərhələsində olan ikitərəfli sənədlərin razılaşdırılmasının tezləşdirilməsinə dair ümumi razılıq əldə etmişlər.

Tərəflər iqtisadi ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə iki ölkə arasında investisiyaların təşviqi və qorunması, eyni zamanda ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş layihələrinin tezliklə razılaşdırılması, biznes forum və simpoziumların təşkili istiqamətində işlərin davam etdirilməsini münasib hesab etmişlər.

Tərəflər Şimal - Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasını və müvafiq tədbirlərin görülməsini məqsədəuyğun hesab etmişlər.

Xəbər lenti

Xəbər lenti