...

Azərbaycan XİN Kaliforniya senatorunu "qara siyahı"ya salıb

Siyasət Materials 3 Oktyabr 2011 19:07 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kaliforniya senatoru Cozef Simitianı Azərbaycanın işğal olunmuş ərazilərinə müvafiq dövlət qurumlarının icazəsi olmadan getdiyinə görə "arzuolunmaz şəxslər"in siyahısına daxil edib.
Azərbaycan XİN Kaliforniya senatorunu "qara siyahı"ya salıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kaliforniya senatoru Cozef Simitianı Azərbaycanın işğal olunmuş ərazilərinə müvafiq dövlət qurumlarının icazəsi olmadan getdiyinə görə "arzuolunmaz şəxslər"in siyahısına daxil edib.

"Ermənistana səfər etməzdən öncə Simitian Azərbaycanda bir sıra görüşlər keçirib, lakin təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik edərək, eləcə də müvafiq dövlət orqanlarından icazə almadan, qanunsuz olaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər edib. Müvafiq olaraq Simitianın Azərbaycana səfəri "arzuolunmaz şəxslər"in siyahısına əlavə edilməsi qərara alınıb", - bu barədə bazar ertəsi Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

XİN rəsmisi deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi sərt olaraq qalır və Azərbaycana və onun qanunvericiliyinə gələcəkdə də hörmətsizlik göstərən şəxslər bu siyahıya salınacaq. "Bu, ölkə qanunverciliyinin kobud şəkildə pozulmasıdır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, qanun qəbul edən və Kaliforniya ştatının qanunverici orqanının üzvü olan şəxs qanunu pozmamalıdır.

Ermənistan KİV-in məlumatına görə, Kaliforniya Senatının üzvü Cozef Simitian Dağlıq Qarabağa gedib, separatçı rejimin nümayəndələri ilə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti