...

Siyavuş Novruzov: Azərbaycan Ordusu NATO standartlarına cavab verir

Siyasət Materials 12 Oktyabr 2011 16:23 (UTC +04:00)
Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verir. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov: Azərbaycan Ordusu NATO standartlarına cavab verir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verir. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda NATO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur.

"Biz postsovet ölkələri arasında istər hərbi, istər ictimai sahədə, istərsə də parlamentlərarası əlaqələr sahəsində çoxsaylı proqramlarda iştirak edirik. Postsovet ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə Azərbaycandır", - Novruzov əlavə edib.

Millət vəkili onu da deyib ki, həmin proqramlarda iştirak olduqca vacibdir.

"Bu proqramlar çərçivəsində bizim zabitlərimizin tədrisi, yeni silahların istifadə qaydalarının hərbiçilərimizə öyrədilməsi və ümumilikdə ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi həyata keçirilir. Bu gün Azərbaycan Ordusu həm təhsil, həm rabitə, həm də digər məsələlərdə NATO standartlarına uyğunlaşıb", - o vurğulayıb.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı, əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin, "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatların aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti