Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Azərbaycana rəsmi səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Geniştərkibli görüşdə nazir Səfər Əbiyev İsmət Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik edib və ona bu işində uğurlar arzulayıb.
Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarbabağ münaqişəsinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtı çatdığını xüsusi qeyd ediblər.
Nazir Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir.
Onun fikrincə, belə bir vəziyyətdə Silahlı Qüvvələrmizdə ciddi hazırlıq işlərinin aparılmasından başqa yol qalmır.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib.
Qonaq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət edib. Türkiyəli nazirin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.