...

Azərbaycan Prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Siyasət Materials 17 Oktyabr 2011 17:16 (UTC +04:00)
Oktyabrın 19-20-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Almatıya rəsmi səfər edəcək.
Azərbaycan Prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Qazaxıstan, Astana, 17 oktyabr /Trend, müxbir A.Maratov/

Oktyabrın 19-20-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Almatıya rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Altay Həbibullayev Astanadakı brifinqdə bildirib.

"Dövlət başçılarının iştirakı ilə kiçik və geniş tərkibdə ikitərəfli danışıqların aparılması, eləcə də Qazaxıstan və Azərbaycan prezidentlərinin Birgə Bəyannaməsinin, bir sıra ikitərəfli hökumətlərarası sazişlərin, eləcə də Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramının imzalanması planlaşdırılıb", - Həbibullayev deyib.

İlham Əliyevin Qazaxıstana səfəri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I sammiti ərəfəsində baş tutacaq.

Oktyabrın 20-21-də Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə rəhbərlərinin iştirakı ilə Almatıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I sammiti keçiriləcək.

Həbibullayevin sözlərinə görə, sammitdə Türkiyəni Baş nazir Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.

Habelə, sammitə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov dəvət olunublar.

"Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə sammit ərəfəsində Almatıda Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyənin işgüzar dairələrinin iştirakı ilə biznes forumun keçirilməsi, eləcə də türkdilli dövlətlərin İşçi Şurasının yaradılması nəzərdə tutulur", - XİN nümayəndəsi deyib.

Onun sözlərinə görə, dövlət başçılarının sammitində beynəlxalq və regional xarakterli aktual məsələlər, türkdilli ölkələr arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinin əsas prioritetləri müzakirə olunacaq.

Sammitin yekunları üzrə Almatı Bəyannaməsi imzalanacaq.

Xəbər lenti

Xəbər lenti