...

Pakistanda Müstəqillik günü qeyd olunub

Siyasət Materials 18 Oktyabr 2011 15:06 (UTC +04:00)
Oktyabrın 17-də İslamabadın Marriott mehmanxanasında 18 oktyabr - Müstəqillik Günü münasibəti ilə təntənəli mərasim keçirilmişdir.
Pakistanda Müstəqillik günü qeyd olunub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 17-də İslamabadın Marriott mehmanxanasında 18 oktyabr - Müstəqillik Günü münasibəti ilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın federal naziri Riaz Pirzadə, Senatın sədr müavini Mir Jan Məhammad Xan Camali və xüsusi katibi İftixar Babar, Ticarət Sənaye Palatasının prezidenti İqbal Ahmad, Khayber-Paxtunxva əyalətini qubernatoru Səid Məsud Kosar, vitse-admiral Shah Sohail Məsud, general Tanvir Nazim, general Məhəmməd Vaqar və Pakistan ordusunun digər yüksəkrütbəli zabitləri, Senat və Milli Assambleyanın deputatları, Xarici İşlər Nazirliyinin yüksəkrütbəli əməkdaşları, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbirin keçirildiyi salon Azərbaycan bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin, habelə Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezident Asif Əli Zərdarinin portretləri ilə bəzədilmiş və salonun müxtəlif yerlərində ölkəmizin gözəlliyini əks etdirən fotostendlər yerləşdirilmiş, müstəqil Azərbaycanın yaranması və inkişafı haqqında videoçarx nümayiş etdirilmiş, milli musiqi nümunələri səsləndirilmişdir.

Riaz Huseyn Pirzadə qonaqların adından Müstəqillik Günü münasibəti ilə səfir Daşqın Şikarova xoş arzularını bildirmişdir. O, Pakistan ilə Azərbaycanın hər zaman dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu qeyd etmiş, Pakistan hökuməti və xalqı adından Azərbaycan xalqını təbrik etmiş, firavanlıq, tərəqqi və əmin-amanlıq arzulamışdır.

Pakistanda ingilis və ərəb dillərində nəşr olunan "The Diplomatic Insight" jurnalının, habelə "Daily İttihad" qazetinin Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş buraxılışlarının nüsxələri tədbir iştirakçılarına paylanmışdır. Həmin jurnal və qəzetdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizmi və iqtisadiyyatı, habelə ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin həyat və fəaliyyətləri, onların müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti geniş işıqlandırılmışdır.

Ölkənin aparıcı ingilis dilli "Daily Times", "Pakistan Observer" və urdudilli "Daily Nawa-I-Waqt" və "Jang" qəzetlərində, habelə "Centreline" jurnalında Azərbaycan səfirliyinin keçirdiyi tədbir işıqlandırılmış, Pakistanın dövlət televiziyası PTV-1 və özəl WAKT-TV xəbərlər proqramlarında mərasimlə bağlı süjetlər nümayiş etdirilimişdir.

Xəbər lenti

Xəbər lenti