Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Pakistanın tanınmış siyasətçisi, ölkənin eks-prezidenti Zülfiqar Əli Bhuttonun dul xanımı və Benazir Bhuttonun anası Nüsrət Bhutto 82 yaşında Dubayda vəfat edib. Bu barədə Pakistan Xalq Partiyasının (PXP) rəsmi nümayəndəsi məlumat verib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS agentliyi yayıb.
Nüsrət Bhutto ötən əsrin 60-cı illərinin sonundan, yəni onun əri Zülfiqar Əli Bhutto tərəfindən Pakistan Xalq Partiyası yaradılandan sonra ölkə siyasətində mühüm rol oynayıb. Bu partiya indiyədək ölkə parlamentdə yerlərin əksəriyyətinə malikdir.
Zülfiqar Əli 70-ci illərdə Pakistanın Prezidenti və Baş naziri postlarını tutub. 1979-cu ildə onun edam olunmasından sonra Nüsrət bir neçə il Pakistan Parlamentinin deputatı kimi PXP-nin sükanı arxasında olub.
Onun qızı Benazir də partiyaya rəhbərlik edib, iki dəfə - 1988-ci və 1993-cü illərdə ölkənin Baş naziri olaraq müsəlmanların əksəriyyət təşkil etdiyi ölkədə bu qədər yüksək postu tutan ilk qadın olub.
Benazir 2007-ci ildə öldürülüb. Bundan sonra, yəni 2008-ci ildə onun əri Asif Əli Zərdari ölkə prezidenti seçilib.
Bu illər ərzində artıq ağır xəstə olan Nüsrət Pakistanın siyasi həyatında iştirak edə bilməyib.
PXP nümayəndəsinin sözlərinə görə, Nüsrət Bhutto Pakistanın cənubundakı Sinh əyalətindəki ailə mavzoleyində dəfn olunacaq. Mənbə əlavə edib ki, mərhumun cənazəsini vətənə ölkə Prezidenti və kürəkəni Asif Əli Zərdari özü gətirəcək.