Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
İtaliyanın Baş naziri Silvio Berluskoninin adı bu dəfə ABŞ Dövlət Departamentinin müasir dünyada insan alveri probleminə həsr edilmiş illik məruzəsinə düşüb. Məruzə dünyanın 180 ölkəsindən əldə edilmiş məlumatlar əsasında hazırlanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "The Telegraph" qəzetinə istinadən xəbər verir.
Sənəddə müəyyən şəkildə insan alverində əli olan şəxslərin konkret adları göstərilib. Onların arasında Berluskoninin də adı var. Xatırladaq ki, 2011-ci ilin fevralında məhkəmə ona qarşı Mərakeşdən Kərim əl-Məxruq adlı və Rubi ləqəbli qızın kommersiya cinsi istismarı şübhəsi ilə ittiham irəli sürmüşdü.
Məruzədə bu qızın insan alverçilərinin qurbanı olduğunu göstərən çoxlu sayda şahid ifadələri yer alıb. Bundan əlavə, Berluskoni uşaq fahişəliyində vasitəçilikdə də ittiham olunur.
İtaliyanın müxalifət partiyası baş verən hadisəni artıq Baş nazirin ətrafındakı seks qalmaqalları ilə bağlı gülüş hədəfinə çevrilən ölkə üçün "daha bir rüsvayçı təhqir" adlandırıb. "Bu, dünya arenasında belə vizit kartına malik olmaq İtaliya üçün ədəbsizlikdir", - deputatlardan biri bəyan edir.
RİA Novosoti xatırladır ki, Milan prokurorluğunun Baş nazirlə Arkordakı villasında bir neçə ziyafətdə iştirak etmiş və ondan çoxlu sayda hədiyyələr alan yetkinlik yaşına çatmamış mərakeşli qız arasındakı cinsi əlaqə haqqında işi araşdırması barədə məlumatlar ilk dəfə hələ ötən ilin oktyabrında KİV-də ortaya çıxıb və böyük siyasi qalmaqala səbəb olub.
Daha sonra KİV-də belə məlumatlar dərc edilib ki, Rubi 2010-cu ilin mayında oğurluq etdikdən sonra düşdüyü Milan polisinin təcridxanasından azad edilib və Berluskoni Kicidəki hökumət sarayından zəng vuraraq onu Lombardiya vilayətinin müşaviri Nikol Minnetiyə tapşırıb. Bu zaman Baş nazir qızın guya, Misirin o zamankı prezidenti Hüsnü Mübarəkin yaxın qohumu olduğunu əsas gətirib. Məhz bu səbəbdən Baş nazir vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.
Berluskoni özü prokurorluğun ona qarşı irəli sürdüyü bütün ittihamları qətiyyətlə təkzib edir və onu seçicilərin gözündən salmaq üçün ittihamların sırf siyasi xarakter daşıdığını qeyd edir. Baş nazir, həmçinin İtaliya qanunvericiliyinin qadağan etdiyi yetkinlik yaşına çatmamışlarla cinci əlaqələri, xüsusən buna görə pul ödəməsi barədə məlumatları da rədd edir. O, gənclərlə ünsiyyətdə olmağı sevdiyini bildirib, qızlara maddi yardım göstərməyi isə özünün səxavətli olması ilə izah edib.
Hazırda bu işlə bağlı günahkar qismində İtaliyada son dərəcə məşhur və Berluskoni ilə sıx əlaqədə olan üç şəxs dindirilir. Söhbət tanınmış televiziya impresariosu Lel More, Berluskoniyə məxsus "Retequattro" telekanalının xəbərlər xidmətinin rəhbəri Emilio Fede və əvvəllər Baş nazirin dişlərinin gigiyenası ilə məşğul olan Nikol Minettidən gedir. Onların hər üçünə qarşı, o cümlədən yetkinlik yaşına çatmamışların iştirakı ilə fahişəliyə həvəs göstərmə barədə rəsmi ittiham irəli sürülüb.
"Rubinin işi" ətrafında qalmaqal Apennində ciddi siyasi müzakirələrə səbəb olub və müxalifətə Berluskoninin İtaliya hökumətinin rəhbəri postundan tezliklə getməsini tələb etmək üçün yeni bəhanə verib. Bununla yanaşı, Baş naziri tənqid edənlərin bir çoxu qeyd edirlər ki, o, hər cür şantajçılar üçün asan ova çevrilə, yaranmış vəziyyətdə öz vəzifə səlahiyyətlərini lazımi şəkildə yerinə yetirə bilməz.
Oktyabrın əvvəllərində bu narahatlıq təsdiqlənib. Belə ki, İtaliyanın cənubundakı Bari şəhərinin prokurorluğunun hökumət başçısına qarşı yeni araşdırmalara başlayacağı gözlənilir. Həmin təhqiqat zamanı o, yerli sahibkar Canpaolo Tarantinini ələ almağa görə ittiham oluna bilər.
İstintaqın məlumatına görə, Berluskoni ona vasitəçinin yardımı ilə 500 min avro verib. Baş nazir sahibkara təmənnasız yardım etdiyini iddia etsə də, müstəntiqlər bu pulların Tarantininin susmasına görə verildiyini hesab edirlər. Belə ki, o, 2008-2009-cu illərdə Baş nazirin ziyafət məclislərində fahişələrin iştirakını təmin edib və onların haqlarını ödəyib.
Yerli KİV-in əksəriyyəti Mora, Fede və Minettiyə qarşı "Rubinin işi" üzrə yeni məhkəmə prosesinin gedişində Berluskoni ilə bağlı yeni qalmaqallı faktların aşkara çıxacağına əmindir.