Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir M.Əliyev/
Avrointeqrasiya Azərbaycanın seçimidir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cümə günü Bakıda keçirilən "Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının rolu" adlı konfransında çıxışında bildirib.
"Azərbaycan Aİ ölkələrinin inkişaf modelinə üstünlük verir", - o deyib. Hüseynli bildirib ki, Bakıda keçirilən konfrans 29-30 sentyabrda "Şərq tərəfdaşlığı" ölkələri forumunun Varşava sammitindən sonra ilk tədbirdir.
"Bu tədbiri keçirməklə Azərbaycan həm də Varşava sammitində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş olur", - komitə sədri qeyd edib.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanov tədbirdə bildirib ki, Avropa İttifaqına inteqrasiya Azərbaycanın əsas məqsədlərindəndir və artıq Azərbaycan bu istiqamətdə irəliləyişlərə nail olub.
"Əvvəl bizim əməkdaşlığımız birtərəfli və Aİ yardımları əsasında qurulurdusa, sonradan bu əməkdaşlıq ikitərəfli münasibətlərə çevrildi. Ötən 20 ildə Azərbaycanla Aİ arasında münasibətlər dinamik inkişaf edib", - o deyib.
Süleymanov qeyd edib ki, Avronest PA "Şərq tərəfdaşlığı" ölkələrinə öz problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün tribuna verir və Azərbaycan da Dağlıq Qarabağ problemini bu tribunada səsləndirə bilər.
Avrasiya Əməkdaşlıq Fondunun Prezidenti Corc Zarubin isə çıxışında bildirib ki, Avronest PA Azərbaycana həm də qanunvericilik sahəsində Avropaya inteqrasiya üçün imkanlar yaradır.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Avropa İttifaqına inteqrasiyada
vətəndaş cəmiyyəti institutları və dövlət qurumları arasında dialoq" mövzusunda məruzə ilə çıxış edib.