...

Azərbaycan AŞ-nin Yerli və regional hakimiyyətlərə məsul nazirlərinin Konfransında təmsil olunub

Siyasət Materials 4 Noyabr 2011 19:31 (UTC +04:00)
Noyabrda 3-4-də Ukraynanın Kiyev şəhərində Avropa Şurasının Yerli və regional hakimiyyətlərə məsul nazirlərinin Konfransının 17-ci sessiyası keçirilib.
Azərbaycan AŞ-nin Yerli və regional hakimiyyətlərə məsul nazirlərinin Konfransında təmsil olunub

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir B.Hacıyev/

Noyabrda 3-4-də Ukraynanın Kiyev şəhərində Avropa Şurasının Yerli və regional hakimiyyətlərə məsul nazirlərinin Konfransının 17-ci sessiyası keçirilib.

Trend-in Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, iki ildən bir Avropa Şurası üzv dövlətlərinin birində təşkil olunan sessiyada ölkəmizi ədliyyə nazirinin müavini Vilayət Zahirovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə Ukraynanın Baş naziri Nikolay Azarov, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Keiz Vizmor və digər yüksək səviyyəli şəxslər çıxış ediblər.

Sessiyada yerli səviyyədə insan hüquqlarının təmin olunması, iqtisadi və maliyyə böhranı zamanı yerli özünüidarəetmə, transsərhəd əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunub, fikir və təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri tədbirdə çıxış edərək, ölkəmizdə aparılan hərtərəfli islahatlar barədə məlumat verib, dünyanı iqtisadi böhran bürüdüyü illərdə də dövlətimizin intensiv sosial-iqtisadi inkişafının davam etdiyini vurğulayıb. Çıxışda Ermənistanın ölkəmizə qarşı təcavüzünün transsərhəd əməkdaşlığın həyata keçirilməsində əsas maneə olduğu qeyd edilib.

Tədbirin sonunda Avropa Şurasının yerli və regional demokratiya sahəsində fəaliyyətinin genişləndirilməsini özündə əks etdirən Kiyev Bəyannaməsi qəbul edilib.

Bəyannamənin layihəsinə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qanunazidd rejimin təşviqinə və sərhədyanı əlaqələrin yaradılmasına dair təkliflər edilib, lakin Azərbaycan tərəfinin qəti tədbirləri nəticəsində Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısı alınıb.

Səfər çərçivəsində Avropa Şurası və digər beynəlxalq təşkilatların rəsmi şəxsləri, habelə Ukrayna, Avstriya, Böyük Britaniya, Litva, Estoniya və s. ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti