...

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi ilə İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu arasında Memorandum imzalanacaq

Siyasət Materials 5 Noyabr 2011 10:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-13-də İtaliyada səfərdə olacaq.
Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi ilə İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu arasında Memorandum imzalanacaq

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-13-də İtaliyada səfərdə olacaq.

SAM-ın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata gorə, səfər çərçivəsində Milanda Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu (İSPİ) və SAM arasında əməkdaşlığa dair Memorandumun imzalanması və Cənubi Tirola səfər nəzərdə tutulub.

Memorandumun imzalanmasında əsas məqsəd İtaliya-Azərbaycan münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyətə dair iki ölkənin aparıcı beyin mərkəzlərinin ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şəraitin yaradılması və müvafiq müəssisələr arasında uzunmüddətli əməkdaşlıq əlaqələri qurularaq elmi işçilər və ekspertlərin mübadiləsini həyata keçirməkdir.

Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.
İtaliyaya səfəri çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayevanın bir sıra işgüzar görüşləri nəzərdə tutulub. Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.

SAM cari ildə artıq Türkiyə XİN-i nəzdində Strateji Araşdırmalar Mərkəzi(7 mart) və Rusiya Strateji Araşdırmalar İnstitutu(14 mart) ilə əməkdaşlığa dair Memorandumu imzalayıb.

Xəbər lenti

Xəbər lenti