...

Prezident İlham Əliyev: Azərbaycanda uşaqların qayğısız böyüməsi əsas məqsədlərimizdəndir

Siyasət Materials 16 Noyabr 2011 12:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanda uşaqların qayğısız böyüməsi əsas məqsədlərimizdəndir
Prezident İlham Əliyev: Azərbaycanda uşaqların qayğısız böyüməsi əsas məqsədlərimizdəndir

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün müvafiq şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda çərşənbə günü keçirilən Uşaqların II Forumu iştirakçılarına ünvanladığı təbrik məktubunda bildirib. Təbrik məktubunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

"Azərbaycanda Uşaqların II Ümumrespublika Forumunun iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Forumun iştirakçısı olan uşaqlar da məhz müstəqillik illərində göz açmışdırlar", - Prezident təbrik məktubunda deyib.

Dövlət başçısının təbrik məktubunda daha sonra deyilir:

"İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, Respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz. Uşaqlarımızın ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin aparıcı istiqamətini təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu 1998-ci ildə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlü və sağlam mühitdə böyüməsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib.

Ümidvaram ki, Sizin Forum Respublikamızda uşaqlarla bağlı ardıcıl aparılan dövlət siyasətinin məntiqi davamına və tərkib hissəsinə çevriləcək. Forumun işinə uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər arzu edirəm".

Azərbaycanda Uşaqların I Forumu 2009-cu il dekabrın 17-də keçirilib.

Xəbər lenti

Xəbər lenti