Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Rusiyanın Dövlət Duması cümə günü Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişə baxacaq.
Sənəd bütün Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya Federasiyası, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçıları tərəfindən 2010-cu il noyabrın 18-də Bakıda keçirilən üçüncü Xəzər sammitində imzalanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
Razılaşma Rusiyanın maraqları nöqteyi-nəzərindən əhəmiyyətli olan belə bir müddəanı özündə əks etdirir ki, Xəzər dənizində təhlükəsizliyin təmin olunması Xəzəryanı dövlətlərin müstəsna hüququdur.
Sənəd müqavilədə iştirak edən ölkələrin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, qaçaqmalçılıqla, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə kimi sahələrdə əməkdaşlığı üçün hüquqi əsas yaradır.
Tərəflər, həmçinin silah və hərbi texnikanın, partlayıcı və zəhərləyici maddələrin, narkotiklərin qanunsuz dövriyyəsi, cinayət yolu ilə əldə olunan pulların yuyulması ilə mübarizədə də əməkdaşlıq etmək niyyətindədirlər.
Saziş habelə dəniz gəmiçiliyi, dənizdə səyahətin təhlükəsizliyinin təmin olunması, piratçılıq və brokonyerliklə mübarizədə də qarşılıqlı fəaliyyəti nəzərdə tutur.
Sənəd ölkələrin əməkdaşlıq sahələrinin genişləndirilməsi imkanlarını nəzərdə tutur.
Razılaşmaya izahedici əlavədə qeyd olunur ki, sənəd hərtərəfli əməkdaşlığın inkişafında Rusiya Federasiyasının və başqa Xəzəryanı dövlətlərin Xəzərdə təhlükəsizliyin birgə təmin olunması kursunun ən əhəmiyyətli tərəflərindən biri olduğunu təsdiq edir.