Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/
İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh azərbaycanlı tələbələri öz ölkəsində təhsil almağa çağırıb.
Trend-in məlumatına görə, səfir Adaileh cümə günü jurnalistlərə bildirib ki, hazırda Azərbaycan Tibb Universitetində 29 iordaniyalı tələbə təhsil alır. İordaniyada isə 2 azərbaycanlı tələbə oxuyur.
"Azərbaycanlı tələbələrinin sayının az olması İordaniya tərəfi ilə bağlı deyil. Buna daha çox dil problemi mane olur. Əksinə, biz azərbaycanlı tələbələri İordaniyada təhsil almağa çağırırıq", - səfir əlavə edib.
O, İordaniya ilə Azərbaycan arasında təhsil sahəsində normal əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Səfirin sözlərinə görə, İordaniya Ali Təhsil Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında saziş var. Gələcəkdə də hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün lazımi addımlar atılacaq.