...

ABŞ-ın virtual səfirliyinin ömrü qısa olacaq - iranlı deputat

Siyasət Materials 7 Dekabr 2011 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir T.Cəfərov /

ABŞ-ın virtual səfirliyinin ömrü qısa olacaq. Bunu çərşənbə günü Trend-ə telefonla İran Parlamentinin Təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri (Esmaeel Kosari) bildirib.

"Bu internet səhifəsi bəlkə 6 ay və ya bir il müddətinə fəaliyyət göstərə biləcək. Ona görə ki, İran xalqı bu sayt vasitəsilə amerikalıların müxtəlif xalqlara qarşı törətdiyi cinayətlər və xəyanətlər haqqında suallar soruşacaqlar və onlar bu sualların qarşısında aciz qalacaqlar. Ona görə də düşünürəm ki, bu virtual səfirliyin fəaliyyəti həmişəlik deyil", - Kövsəri deyib.

Dekabrın 6-da ABŞ-ın İranda virtual səfirliyi fəaliyyətə başlayıb. İnternet üzərindən ingilis və fars dillərində xidmət göstərməyə başlayan ABŞ-ın virtual İran səfirliyinin saytında Birləşmiş Ştatlarının rəhbərliyinin İran xalqı ilə əlaqələr qurmaq üçün belə bir üsulu seçdiyi açıqlanıb. ABŞ dövlət katibi Hillari Klinton saytda nümayiş olunan videomüraciətində iki ölkə arasında diplomatik əlaqələrin olmamasının ABŞ və İran vətəndaşları arasındakı dialoqa mane olduğunu deyib və virtual səfirliyin iki ölkə xalqlarının bir-birilərini daha yaxşı anlamalarına qulluq edəcəyini, maneələri aşmaq üçün yeni texnologiyanın istifadə olunacağını bildirib.

Kövsəri hesab edir ki, virtual səfirliyin fəaliyyəti elə ABŞ-ın öz ziyanına olacaq.

"ABŞ rəsmiləri düşünür ki, virtual səfirlik açmaqla İran İslam Respublikasına qarşı istəklərinə çata biləcəklər, lakin bu internet səhifəsinin fəaliyyəti elə onların özlərinin ziyanına olacaq", - Kövsəri bildirib.

İki ölkə arasında diplomatik münasibətlər 30 ildən çoxdur pozulub. 1979-cu ilin noyabr ayında iranlı tələbələr ABŞ səfirliyini zəbt ediblər. Diplomatik missiyanın 52 əməkdaşı 444 gün girov saxlanılıb. Girovlar yalnız 1981-ci ilin yanvarında azad ediliblər. Səfirliyin ələ keçirilməsi ilə bağlı insident İran-ABŞ diplomatik münasibətlərinin pozulmasına səbəb olub.

Deputat İranın ABŞ-ın bu addımına qarşı bir sıra tədbirlər hazırladığını desə də, bu tədbirlərin nədən ibarət olduğunu açıqlamayıb.

"Hazırda müharibə növü dəyişib. Bir vaxtlar İran-İraq müharibəsində bizimlə topla, tankla müharibə aparırdılarsa, indi onlar (Qərb ölkələri, ABŞ) bizimlə "yumşaq müharibə" aparırlar. İran bu növ müharibədə də döyüşməyi çox yaxşı bacarır, onlarla mübarizə yollarını bilir və tədbirlər görür", - Kövsəri bildirib.

Xəbər lenti

Xəbər lenti