...

Azərbaycan və Rusiya Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair məsləhətləşmələr aparır

Siyasət Materials 8 Dekabr 2011 13:36 (UTC +04:00)
Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsi üzrə müqavilənin müddətinin uzadılması və ya yeni müqavilənin imzalanmasına dair məsləhətləşmələr aparır.
Azərbaycan və Rusiya Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair məsləhətləşmələr aparır

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsi üzrə müqavilənin müddətinin uzadılması və ya yeni müqavilənin imzalanmasına dair məsləhətləşmələr aparır.

"Azərbaycan və Rusiya iki ölkənin müdafiə nazirləri səviyyəsində Qəbələ RLS-in icarəsi üzrə mövcud müqavilənin müddətinin uzadılması və ya yeni müqavilənin imzalanmasına dair məsləhətləşmələr aparır", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələfov bildirib ki, bununla yanaşı, icarənin dəyərinin dəyişdirilməsi, RLS-in modernləşdirilməsi, eləcə də RLS-lə məlumatların üçüncü ölkəyə ötürülməsi məsələləri nəzərə alınacaq.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
RLS-in icarəyə verilməsi barədə onillik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan Parlamentinin müzakirə predmeti olub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırmışdı.

"Hökumətlər səviyyəsində danışıqlar hələ başlamayıb, tezliklə başlayacaq", - Xələfov bildirib.

Rusiya Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı məsələlərin yekun nizamlanması üçün müdafiə nazirinin müavini Anatoli Antonovu Azərbaycana göndərəcək. Trend-in bir müddət əvvəl verdiyi məlumata görə, bu barədə RF-nin müdafiə nazirinin mətbuat katibi, podpolkovnik İrina Kovalçuk deyib.

Onun sözlərinə görə, müdafiə naziri Anatoli Serdyukov Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə danışıqlar aparıb. Görüş zamanı Rusiya və Azərbaycan arasında hərbi sahədə, o cümlədən Qəbələ RLS-in statusu üzrə sazişin fəaliyyət müddətinin uzadılması, prinsipləri və istifadə şərtlərinə toxunan məsələlərdə qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivləri müzakirə edilib.

"Bu məsələlərin yekun nizamlanması üçün yaxın müddətdə dövlətlərarası danışıqların başlanması planlaşdırılır. Bu məqsədlə Bakıya Rusiyanın nümayəndə heyətinin göndərilməsi barədə qərar qəbul edilib. Nümayəndə heyətinə Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov başçılıq edəcək", - Kovalçuk bildirib.

Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparılması barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

Xəbər lenti

Xəbər lenti