...

Mustafa Kabakçı : Fransa qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımının hesabını çox ağır ödəyəcək

Siyasət Materials 21 Dekabr 2011 11:51 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin deputatı bildirib ki, Fransa qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımının hesabını çox ağır ödəyəcək.
Mustafa Kabakçı : Fransa qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımının hesabını çox ağır ödəyəcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/

Türkiyə Böyük Millət Məclisinin deputatı bildirib ki, Fransa qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımının hesabını çox ağır ödəyəcək.

"İnanırıq ki, bütün türk dünyası Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımına öz kəskin sözünü deyəcək, Fransa bunun qarşılığını çox ağır ödəyəcək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı bildirib.

Onun fikrincə, qondarma "erməni soyqırımı" siyasi deyil, elmi məsələdir.

Kabakçı qeyd edib ki, tarixi gerçəkliklərin ortaya çıxmasından Türkiyə heç bir zaman narahatlıq keçirmir.

Onun sözlərinə görə, Türkiyə bütün arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəkliyi ortaya çıxarmağa hazırdı.

"Ancaq tarixi məsələni siyasi məsələyə çevirib onunla Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil", - Kabakçı vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdə hökm vermək tarixçilərin işidir.

"Türkiyənin edəcəyi çox şeylər var. Türkiyəni əvvəlki Türkiyə hesab edənlər yanıldıqlarını görəcəklər. Türkiyə heç bir dönəmdə yalnız olmayıb və bundan sonra da olmayacaq. Türkiyənin yanında bütün türk coğrafiyasını əhatə edən toplumlar, o cümlədən qardaş Azərbaycan xalqı var", - deputat bildirib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti