Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir V.Javoronkova/
ABŞ-ın Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Adam Sterlinq hazırkı səfir Metyu Brayzanın vəzifəsindən gedəcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı işlər vəkili olacaq. Bu barədə cümə axşamı Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin informasiya və mədəniyyət məsələləri üzrə əməkdaşı Kis Bin bildirib.
Onun sözlərinə görə, diplomatik prosedura əsasən, səfirin yoxluğu zamanı missiya rəhbərinin müavini yeni müvəqqəti işlər vəkili olur.
Sterlinq Brayzanın Azərbaycana gəlməsindən qabaq 7 ay ərzində müvəqqəti işlər vəkili işləyib.
Prezident Barak Obama 2010-cu ilin dekabrında Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Senat bir neçə aydır ki, ermənipərəst senatorların təzyiqi altında onun təsdiqini gecikdirir. Əgər Senat yaxın müddətdə Brayzanı təsdiq etməsə, o, geri çağırılacaq.
Erməni lobbisi Senatın Brayzanın namizədliyini rədd etməsi üçün bütün mümkün addımları atır.