...

Azərbaycan və Tacikistanın hakim partiyaları anlaşma memorandumu imzalayıblar

Siyasət Materials 23 Dekabr 2011 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) ilə Tacikistan Xalq Demokrat Partiyası arasında cümə günü əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

YAP-ın mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, sənədi partiyanın sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Tacikistan Xalq Demokrat Partiyası sədrinin müavini Asror Latipov imzalayıblar.

Əhmədov bildirib ki, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin qədim tarixi var. Hər iki ölkə özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə yüksələn xətlə inkişaf edib.

O qeyd edib ki, YAP dünyanın nüfuzlu siyasi partiyaları və partiya blokları ilə sıx əməkdaşlıq edir.

"İndi biz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsində təmsil olunuruq. Gələn il bu təşkilatın 7-ci Baş Assambleyasının Bakıda keçirilməsi nəzərdə tutulur", - Əhmədov deyib.

Tacikistan Xalq Demokrat Partiyası sədrinin müavini Asror Latipov bildirib ki, Azərbaycanın inkişafı və uğurları göz qabağındadır.

"Biz regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan və onun hakim partiyası ilə əlaqələrin inkişafında maraqlıyıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti