...

Azərbaycanın birinci vitse-spikeri Finlandiya parlamentinin nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 9 Yanvar 2012 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Trend-in bazar ertəsi Milli Məclisin rəsmi saytına istinadən yaydığı məlumata görə, Əsgərov bildirib ki, Azərbaycanla Finlandiya arasında münasibətlərin intensivləşməsi vacibdir və iki ölkə arasında habelə parlamentlərarası əlaqələrin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyəti var.

Ölkəmizin demokratik dəyərlərə böyük önəm verdiyini qeyd edən birinci vitse-spiker parlamentin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin inkişafı barədə qonaqlara ətraflı məlumat verib.

Bildirib ki, ölkəmiz müstəqillik qazanandan bu günə qədər parlamentdə 3 mindən artıq qanun qəbul edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açan Ziyafət Əsgərov deyib ki, Ermənistan problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır. "Bu problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi bütün qətnamə və qərarlara məhəl qoymur", - vitse-spiker deyib.

Finlandiya parlamentinin deputatı İlkka Kanerva qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda çox güclü geostrateji mövqeyə malikdir.

O, Finlandiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları prinsiplərinə uyğun şəkildə həllinə tərəfdar olduğunu deyib.

Finlandiyalı deputat səfər müddətində ölkəmizin qaçqın və məcburi köçkünlər məskunlaşan ərazilərinə baş çəkmək arzusunda olduqlarını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti