...

Azərbaycan Moldovanın enerji təhlükəsizliyinin təminatında iştirak edə bilər – Baş nazir

Siyasət Materials 17 Yanvar 2012 09:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Ağayeva/

Moldova Azərbaycanın Avropa ölkələrinə enerji resurslarının ixracatçısı kimi artmaqda olan rolunu getdikcə daha aydın dərk edir və istənilən Avropa ölkəsi kimi enerji resurslarının tədarükü mənbələrinin diversifikasiyasında, öz enerji təhlükəsizliyinin təminatında da maraqlıdır və bu planda mən müxtəlif qarşılıqlı sərfəli layihələrin reallaşdırılması imkanı görürəm. Bunu Trend-ə müsahibəsində Moldovanın Baş naziri Vladimir Filat Azərbaycana rəsmi səfəri ərəfəsində deyib.

"Şübhəsiz, həmin məsələlər Azərbaycan rəhbərliyi ilə görüşlərimdə əsas məsələlərdən biri olacaq", - Filat bildirib.

Moldova Baş nazirinin Azərbaycana səfəri yanvarın 17-19-na nəzərdə tutulub.

Onun sözlərinə görə, əməkdaşlığın müxtəlif sahələrində bir sıra məsələlər yığılıb qalıb və Bakıda planlaşdırılan görüşlər zamanı onlar qaldırılacaq.

"Habelə ölkələrimiz arasındakı siyasi dialoqun möhkəmlənməsi və inkişafı üzrə birgə fəaliyyətə dair məsələlərə də toxunulacaq. Şübhəsiz ki, bu istiqamətdə ciddi addım Moldova Respublikası Prezidentinin səfərinin təşkili olardı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə mən bu məsələni ayrıca müzakirə etmək niyyətindəyəm",- Baş nazir deyib.

Moldova hökumətinin başçısı idarələrarası səviyyədə ikitərəfli əlaqələri də vacib hesab edir. "Əminəm ki, bizim ölkələrimizin profil nazirlikləri arasında müzakirə olunacaq məsələlər var. İkitərəfli qarşılıqlı fəaliyyətin bugünkü potensialıdan, təəssüf ki, heç də tam həcmdə istifadə olunmur, bizi daimi əsasda müzakirələr və məsləhətləşmələr aparmağa vadar edir", - Filat qeyd edib.

Onun sözlərinə görə, Moldova və Azərbaycanın beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olacaq.

Bakıdakı görüş zamanı uzunsürən Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesinə dair məsələlərin müzakirəsi də planlaşdırılır.

"İqtisadi əməkdaşlıq məsələlərinə gəldikdə, ticari-iqtisadi əlaqələrin aktivləşdirilməsi və intensivləşdirilməsi məqsədilə razılaşdırılmış fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd etmək istərdim. Çünki son illər bu sahədə təəssüf ki, ciddi müsbət irəliləyişlər qeydə alınmayıb. Ona görə də, mövcud problemli məsələlərin və maneələrin həllinin qarşılıqlı sərfəli və əlverişli yollarının axtarışı başlıca vəzifədir", - Filat deyib.

Onun sözlərinə görə, bu kontekstdə təəssüf ki, 2007-ci ilin fevralından müxtəlif səbəblərdən keçirilməyən iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının təşkili ilə bağlı aspektlər də müzakirə ediləcək.

Filatın fikrincə, ölkələr arasında münasibətlərdə iqtisadiyyat dövlətlərarası qarşılıqlı təsirin prioritet sahəsidir. "Moldova və Azərbaycan enerji sektoru, ikitərəfli ticarət və investisiyalar, aqrar sənaye kompleksi, nəqliyyat sahəsi kimi mühüm sahələrdə effektiv, məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı perspektivlərə malikdir", - o qeyd edib.

Həmçinin, Filatın fikrincə, qarşılıqlı investisiya aktivliyi və sərfəli iqtisadi layihələrdə iştirak da yetərli səviyyədə deyil. "Bu gün Moldova Respublikasının qanunvericiliyi, investisiya cəlbediciliyi, azad sahibkarlıq zonalarının fəaliyyəti artıq xarici sərmayədarlar tərəfindən qiymətləndirilib. Və bu planda biz Azərbaycan biznesi tərəfindən moldav bazarının mənimsənilməsi ilə bağlı daha aktiv fəaliyyətə ümid edirik", -Filat deyib.

Moldovanın Baş naziri cəlbedici investisiya mühitini və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini sərmayədarlarla uğurlu əməkdaşlığı müəyyən edən prinsiplərdən biri hesab edir. "Moldova bunun üçün zəruri şəraitin yaradılmasına çalışır və artıq bir çox uğurlara nail olub. Ona görə də, fürsətdən istifadə edərək, potensial azərbaycanlı sərmayədarları ölkəmizin təqdim etdiyi imkanlarla yaxından tanış olmağa dəvət edirəm. Moldova iqtisadiyyatının aqrar sənaye kompleksi, enerji sektoru, nəqliyyat infrastrukturu, yüngül sənaye və turizm kimi sahələri maraq doğura bilər", - Filat əlavə edib.

Xəbər lenti

Xəbər lenti