...

Fransa Senatının komissiyası "erməni soyqırımı"nın kriminallaşdırılması haqqında qanun layihəsinin əleyhinədir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Yanvar 2012 17:04 (UTC +04:00)

Birinci abzasdan sonra əlavə edilib (ilk xəbər saat 16:37-də yayılıb)

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir A.Tağıyeva/

Fransa Senatının Konstitusiya komissiyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə baxılmasına qarşı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "TRT Haber" telekanalı xəbər verir.

Qərar 23 səs lehinə və 9 səs əleyhinə olmaqla qəbul edilib.

Bu qərara əsasən, qanun layihəsinə Senat tərəfindən baxılacaq, lakin bununla yanaşı, ümumi səsverməyə qədər Konstitusiya komissiyasının qərarı diqqətə alınacaq.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Senatın qanun layihəsini yanvarın 23 gündəliyə daxil edəcəyi gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti