...

Elnur Aslanov: Azərbaycan "soyqırım" məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib

Siyasət Materials 24 Yanvar 2012 12:56 (UTC +04:00)
Fransa Senatının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın "respublika demokratiyasının" ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur.
Elnur Aslanov: Azərbaycan "soyqırım" məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Fransa Senatının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın "respublika demokratiyasının" ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Bu qanun nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər",- Aslanov bildirib.

Onun sözlərinə görə, qanunun qəbul edilməsini qeyri-mümkün edən arqumentlər kifayət qədər çoxdur.

"Birincisi, bu qanunun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. Çünki hakimiyyətlərin bölgüsü prinsipinə ziddir, qanunverici hakimiyyət hakim rolunu oynaya bilməz. Digər tərəfdən qanunverici orqan özünün bayağılaşdırılmasına gətirib çıxaracaq hər hansı istənilən məsələ ilə bağlı qanun qəbul edə bilməz. Qanunun icrasını təmin edən hakimlər nəyin əsasında cinayət tərkibini müəyyən edəcəklər, iddia edilən soyqırımla bağlı heç bir beynəlxalq jurisprüdensiya yoxdur", - Aslanov əlavə edib.

Onun sözlərinə görə, ikincisi, bu qanun demokratiya prinsipləri və fundamental insan azadlıqları ilə ziddiyyət təşkil edir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında öz əksini tapıb.

Üçüncüsü, qanun elm adamlarının azad şəkildə tədqiqat aparmasına mane olur, onların obyektiv tarixi məlumatları mənbələrdə olduğu kimi təhlil etmək əvəzinə qanunun mahiyyətinə uyğun olaraq susmalarına gətirib çıxaracaq.

"Bunun, əlbəttə, insan hüquqlarının beşiyi hesab edilən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur. Məsələyə rasional yanaşma, Türkiyə tərəfinin təklif etdiyi kimi, onun tarixçilər tərəfindən araşdırılmasını zəruri edir. Lakin erməni tərəfi hər zaman bu ideyadan qaçıb, tarixi sənədləri və faktları arxivdə saxlamağa üstünlük verib. Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallşması dialoq və konstruktiv mövqe nümayiş etdirilməsini tələb edir", - Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan qondarma "soyqırım" məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub. Bu, Azərbaycanın prinsipal mövqeyidir, tarixi hadisələrə "siyasi" və "diskriminativ" yanaşma qeyri məqbuldur. Ermənilər heç də iddia etdikləri kimi "məzlum" xalq deyildir, onlar yaxın tarixdə Xocalıda dinc Azərbaycanlıların soyqırımını törədiblər. Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti