...

Rəsmi Bakı Fransa Senatında qəbul edilən qanunu qətiyyətlə pisləyib

Siyasət Materials 24 Yanvar 2012 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı Fransa Senatında yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini qətiyyətlə pisləyib.

Trend-in çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycan Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.

"Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər", - məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, 20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır", - məlumatda deyilib.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti