Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2011-ci ildə qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməyib, əvvəlki illərdə qeydə alınan müsbət meyillər qorunub saxlanılıb. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət "isti izlərlə" açılıb.
Cinayətlərin profilaktikasında, bu sahədə operativ tədbirlərin görülməsində yeni informasiya texnologiyalarının öz effektivliyini artıq tam təsdiqlədiyini xatırladan nazir "102" və "Təhlükəsiz şəhər" sistemlərinin böyük rolunu vurğulayıb. Qeyd edilib ki, təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb, 1609 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılıb, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilib.
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də məqsədyönlü və sistemli xarakter daşımaqla 492 ağır və xüsusilə ağır cinayət, o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət 186 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunub. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılıb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə və insan alverinə qarşı mübarizədə görülən işlərə də toxunan nazir qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə çıxarıldığını, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 367 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırıb. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 69 cinayət faktının aşkarlanaraq 20 nəfərin məsuliyyətə cəlb edildiyini, 16 nəfərdən ibarət 7 cinayətkar qrupun zərərsizləşdirildiyini, bu əməllərin qurbanı olmuş 28 şəxsin müəyyən olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edildiyini bildirib.
Usubov deyib ki, cinayətlərin açılmasında aparıcı rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının hesabat dövründəki fəaliyyəti də qənaətbəxş olmaqla 2010-cu illə müqayisədə istintaqı aparılan cinayət işlərinin sayı 11,7 faiz artıb, onların 49,3 faizinin icraatı tamamlanıb ittiham aktı ilə məhkəmələrə göndərilib. Cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş maddi ziyanın 73,7 faizi ödətdirilib ki, bu da müqayisə edilən dövrə nisbətdə 8,8 faiz çoxdur. O da diqqətə çatdırılıb ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində 13 qanunvericilik aktı qəbul edilib, nəqliyyat vasitələrinin uçota alınmasının "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. İlkin qeydiyyata 73.337 avtomobil alınmaqla ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayı bir milyonu keçib. Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 6,2 faiz, qəzalarda ölənlərin sayının 9,8 faiz, yaralananların sayının 5,6 faiz artdığını bildirən nazir, sürət həddini aşma, ötmə qaydalarını pozma, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə, piyadaların yol hərəkəti, o cümlədən keçidləri keçmə qaydalarını pozma hallarının aşkarlanması sahəsində dövlət yol polisi əməkdaşlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, hərbi qulluqçuların vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirakı, ümumən, polisin və Daxili Qoşunların şəxsi heyəti tərəfindən ölkənin müxtəlif yerlərində keçirilmiş 400-ə yaxın, o cümlədən 300-dən çox beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 2010-cu illə müqayisədə 25 faiz çox, yəni 5 minə yaxın vətəndaş qəbul olunub, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilib, təşəbbüskarlara yazılı cavablar verilib, hüquqları izah edilib. Eyni zamanda, Kollegiya iştirakçılarının diqqətini 2010-cu illə müqayisədə ümumi şikayətlərin içində polis əməkdaşları barədə olanların sayının 25,6 faiz, həmçinin əsassız saxlamaların 31,6, polisə əsassız gətirmələrin 45,6 və əsassız cinayət məsuliyyətinə cəlb etmələrin 60 faiz azalmasına, işgəncə vermə, tabel silahını qanunsuz tətbiqetmə kimi halların qeydə alınmamasına cəlb edib.
Müasir dövrdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasının əhəmiyyətini vurğulayan nazir, kadrların hazırlanması üzrə fəaliyyətin də diqqət mərkəzində saxlanıldığını və ötən il daxili işlər orqanlarının 648 əməkdaşının BMT-nin, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının, NATO-nun və digər beynəlxalq təşkilatların respublikada və xarici dövlətlərdə keçirdikləri treninqlərdə, seminarlarda və ixtisasartırma kurslarında iştirak etdiyini, təcrübə mübadiləsinə cəlb olunduğunu bildirib. Bununla bərabər, orqan və hissələrdə xidmət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər çərçivəsində 29 obyektdə tikinti və yenidənqurma işlərinin aparıldığını, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələrin ödənilməsində məmur-vətəndaş əlaqələrinin maksimum azaldılması məqsədilə, patrul avtomobillərində POS-terminalların, həmçinin sürücülər barədə məlumatların operativ əldə olunmasına imkan verən bort kompyuterlərin quraşdırıldığını nəzərə çatdırıb.
Həmçinin, Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sisteminin də yaxın müddətdə istifadəyə veriləcəyini vurğulayıb.