Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Braysa təbrik məktubu ünvanlayıb.
"Milli bayramınız - Avstraliya günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Kventin Braysa möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına əmin-amanlıq və rifah diləyib.
Dövlət başçısı Hindistan Respublikasının Prezidenti xanım Pratibha Devisinqh Patili təbrik edib.
"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə qeyd olunur.
İlham Əliyev Pratibha Devisinqh Patilə möhkəm cansağlığı, işlərində uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi arzulayıb.