...

Hacıbala Abutalıbov: Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsi qonaqların yaddaşında silinməz iz qoyacaq

Siyasət Materials 25 Yanvar 2012 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində həyata keçirilən bütün tədbirlərin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanması bizə tam əminliklə deməyə əsas verir ki, paytaxtımızda keçiriləcək bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşında silinməz iz qoyacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Buta Palace"da keçiriləcən ilk rəsmi tədbirdə çıxışı zamanı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

"Paytaxtımıza gələn insanlar təkcə "Eurovision" mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar", - Abutalıbov bildirib.

İcra başçısının sözlərinə görə, dünya musiqi xəzinəsinə böyük töhfələr vermiş Azərbaycanda bu qələbə böyük coşqu ilə qarşılandı.

"Şəhərimizn sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə qeyd etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi varsliyi və müasirliyi özündə təcəssüm etdirən doğma Bakımız "Eurovision" müsabiqəsini keçirməyə hazırlaşır. Bu gün bütün musiqi sevərlərin səbirsizliklə gözlədiyi müsabiqənin rəmzi açarı Bakımıza rəsmən təqdim olundu. Bununla da bu mötəbər tədbirin təməli qoyuldu", - Abutalıbov əlavə edib.

Tədbirdə çıxış edən "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers bildirib ki, Düsseldorfda keçirilən "Eurovision 2011" mahnı müsabiqəsi öz möhtəşəmliyi ilə yadda qaldı. Azərbaycanı təmsil edən Eldar və Nigar öz istedadları ilə müsabiqənin qalibi oldular.

"Ümid edirəm ki, Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi öz hərarəti və canfəşanlığı ilə yaddaşlarda iz qoyacaq. Mən "Eurovision" müsabiqəsinin rəmzi açarını təqdim etməkdən məmnunluq hissi keçiririəm", - Elsbers deyib.

Qeyd edək ki, Bakıda çərşənbə günü "Eurovision 2012"-nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Buta Palace"da keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib.

Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti