...

Siyavuş Novruzov: Ziyalılar Forumunda olanların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar

Siyasət Materials 6 Fevral 2012 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası Ziyalılar Forumunda yığışan bəzi ziyalıları fərarilikdə suçlayıb.

"Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur. Orada yığışanlar ziyalı adından istifadə edirlər. Onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Novruzov bildirib ki, Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır.

"Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır", - YAP rəsmisi əlavə edib.

Onun sözlərinə görə, erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib-içirdilər, indi də özlərini ziyalı kimi təqdim edirlər.

"Onlar bir dənə yazı göstərsinlər ki, orada ermənilərə qarşı mübarizə aparıblar. Forumda olan digər ziyalılar isə öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdılar. Bunlar fərari ziyalılardırlar. Hər hansı bir ziyalılıqdan danışa bilməzlər. Vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalı arasında heç bir fərq yoxdur", - Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti