Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə günü Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüşdə spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində, Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır.
Sədr vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Onun sözlərinə görə, Fransa Senatında qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb.
"Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə bir inam yarandı ki, bu ölkənin Konstitusiya Şurası uydurma "erməni soyqırımı" ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcək", - Əsədov deyib.
Görüşdə Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu bildirib. O, səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib, ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.