...

Azərbaycan XİN İranın notasını yalan və iftira adlandırıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Fevral 2012 14:05 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi İranın notasını yalan və iftira adlandırıb.
Azərbaycan XİN İranın notasını yalan və iftira adlandırıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi İranın notasını yalan və iftira adlandırıb.

Azərbaycan İran XİN-in notasını bir müddət əvvəl rəsmi Bakının İran tərəfinə göndərdiyi notaya cavab kimi qiymətləndirib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Notadakı məlumat həqiqətə uyğun deyil - bu bir növ böhtandır. Azərbaycan özü terrordan əziyyət çəkən ölkədir", - Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan heç vaxt öz ərazilərindən terrorizmə vasitəçilik üçün istifadə olunmasına imkan verməyəcək.

Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

Abdullayev deyib ki, təəssüf ki, bu vəziyyət İran-Azərbaycan münasibətlərində mənfi məqamdır. Onun sözlərinə görə, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinə tərəfdardır.

Yanvarın ortalarında Azərbaycanın Milli Təhlükəsizlik Nazilriyi Bakıda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

Nazirliyin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən İran xüsusi xidmət orqanları ilə əlaqədə olan bir qrup şəxs ifşa olunaraq yaxalanıb.

Xəbər lenti

Xəbər lenti