Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/
Pakistan Milli Kitabxanasında çərşənbə axşamı ümummilli lider Heydər Əliyev guşəsinin açılış mərasimi və Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş kitabın təqdimatı keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən çərşənbə günü Trend-ə daxil olan məlumata görə, mərasimdə Pakistanın aparıcı universitetlərinin professor-müəllim heyəti, habelə ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Guşədə ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyat, sənədlərin nüsxələri, fotolar və digər materiallar yerləşdirilib.
Açılış mərasimində çıxış edən Milli Kitabxananın baş direktoru Məhəmməd Nazir Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışıb, onun müstəqil Azərbaycanın yaranmasında oynadığı müstəsna rolu qeyd edib. Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin banisi olduğunu vurğulayaraq, onun 1996-ci ildə Pakistana səfərini xatırladıb, səfər çərçivəsində ölkələr arasında imzalanmış sənədlərin əlaqələrin hüquqi bazasını təşkil etdiyini bildirib.