Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir E.Mehdiyev/
İranın nota dili ilə danışması qonşuluq münasibətlərinin fəlsəfəsinə və məntiqinə uyğun gəlmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, İranın Azərbaycana nota verməsinin heç bir əsası yoxdur və belə notaların səsləndirilməsini düzgün deyil.
Əhmədov qeyd edib ki, İran və Azərbaycan qonşu dövlətlərdir və bu münasibətlərin qorunub saxlanılması üçün səylər göstərməliyik.
"Azərbaycan tərəfindən İranla münasibətlərin mehriban qonşuluq prinsipləri əsasında davam etdirilməsi üçün bütün səylər göstərilir. İstərdim ki, Azərbaycanın İrana göstərdiyi dost dövlət münasibəti İran tərəfindən də Azərbaycana qarşı nümayiş etdirilsin", - YAP rəsmisi deyib.
Onun sözlərinə görə, İranda çoxlu sayda azərbaycanlılar yaşayırlar, İran əhalisinin yarısını etnik azərbaycanlılar təşkil edir. Azərbaycan dövlətinə qarşı hər hansı xoş olmayan münasibət İran hökumətinin öz vətəndaşlarına, azərbaycanlı vətəndaşlarına olunan hörmətsizliyin ifadəsidir.