...

Macarıstanda "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 23 Fevral 2012 15:42 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Budapeştin Eötvöş Lorand və Korvinus universitetlərində "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adı altında tədbirlər keçirilib.
Macarıstanda "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Budapeştin Eötvöş Lorand və Korvinus universitetlərində "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adı altında tədbirlər keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Macarıstana ezam olunmuş mütəxəssislər həmin universitetlərin tələbə və müəllim-professor heyəti qarşısında Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən mühazirələrlə çıxış ediblər.

Hər iki tədbirdə çoxsaylı tələbələrlə birlikdə universitet rəhbərliyi, humanitar elmlər üzrə tanınmış mütəxəssislər və kulturoloqlar iştirak ediblər.

Tədbirlərdə çıxış edən səfir Vilayət Quliyev "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" layihəsinin mədəniyyətimizin təbliği, o cümlədən macar tələbələrin Azərbaycanla bağlı məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb, bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri, siyasi elmlər namizədi Asif Usubəliyev "Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas prioritetləri", Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə doktoru İlham Məmmədzadə "Beynəlxalq elmi əməkdaşlığın bəzi problemləri və Azərbaycanda ictimai elmlərin inkişafı" mövzusunda təqdim etdikləri mühazirələrdə Azərbaycanın mədəniyyət siyasəti, son dövrlərdə mədəniyyət sahəsində ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti, Azərbaycanda elmin inkişafı və digər məsələlərə toxunublar.

Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq elmləri namizədi, əməkdar mədəniyyət xadimi İlham Nəcəfov "Azərbaycanın musiqi mədəniyyəti" mövzusunda mühazirəsində Azərbaycan milli musiqisi, milli nəfəsli musiqi alətlərimiz barədə ətraflı məlumat verib, ney, tütək, balaban, zurna kimi alətlərdə canlı ifalar təqdim edib.

Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə Eötvöş Lorand və Korvinus universitetlərinin rəhbərliyi arasında görüşlər keçirilib, gələcək əməkdaşlıq yolları və sahələri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti