...

Argentinanın "Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsi nəşr edilib

Siyasət Materials 24 Fevral 2012 09:49 (UTC +04:00)
Argentinanın tarix üzrə aparıcı elmi nəşrlərindən olan "Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsi çapdan çıxıb.
Argentinanın "Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsi nəşr edilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Argentinanın tarix üzrə aparıcı elmi nəşrlərindən olan "Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsi çapdan çıxıb.

Azərbaycanın Argentinadakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu nömrə "Historia" kitab-jurnalının redaksiyasının Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Argentinadakı səfirliyi ilə birgə əməkdaşlığı nəticəsində nəşr olunub.

Kitab-jurnalın Azərbaycana həsr olunmuş bu nömrəsində ön sözün müəllifi Argentinanın tanınmış tarixçi alimi və kitab-jurnalın təsisçisi Armando Alonso Pineyrodur.

Ötən il Azərbaycanda səfərdə olarkən ölkəmizin minillik tarixi, zəngin mədəni irsinə valeh olması, habelə Azərbaycanın yaşadığı yüksək inkişafdan təəssüratlanması səbəbindən kitab-jurnalın bir nömrəsini Azərbaycana həsr etmək qərarına gəldiyini bildirən Armando Alonso Pineyro məqsədinin Azərbaycanda gördüklərinin Argentina, ümumilikdə Cənubi Amerikanın elmi dairərlərinə çatdırılması olduğunu qeyd edib.

Azərbaycana həsr olunmuş bu kitab-jurnalın ərsəyə gəlməsinə ölkəmizin tanınmış tarixçi-alimləri və yazarları öz töhfələrini veriblər. Belə ki, kitab-jurnalda Cəbi Bəhramovun Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən "Tarixə nəzər" və Azərbaycanın birinci neft bumuna dair "Neft sənayeləşməsi tarixi", Elçin Əsgərovun Azərbaycanda dini müxtəliflik və yüksək tolerantlığa dair "Dinlərdən ibarət mozaika", Tofiq Nəcəfovun Səfəvilər dövlətinə dair "Qüdrətli bir dövlətin yaranma tarixi", Hacı Həsənov və Elmar Məhərrəmovun Azərbaycanın bölünməsi tarixinə dair "XIX əsrin əvvəllərində xarici ölkələr tərəfindən işğallar", Kamran İsmayılovun Azərbaycan Demokratik Respublikasının tarixinə dair "Xalq Cümhuriyyətinin yaranması", Musa Qasımlının "Ermənilərin Azərbaycanda məskunlaşması" və "Ermənistanın Azərbaycana qarşı təcavüzü", Afaq Əbdürrəhmanovanın ümummilli lider Heydər Əliyev haqqında "Böyük azərbaycanlının portreti" və Azərbaycanının YUNESKO tərəfindən elan olunmuş maddi-mədəni irsinə dair "Mədəni irs", Rafiq İsmayılovun "Müstəqilliyin 20 ili: əldə olunan nəticələr, problemlər və perspektivlər", Röya Tağıyevanın Azərbaycan xalçaçılıq məktəbi haqqında "Xalçalar" və Qəzənfər Kazımovun Azərbaycan dili və əlifbasına dair "Dil və əlifba" adlı məqalələri yer alıb.

Habelə, kitab-jurnalda Azərbaycanın dünya tarixində yeniliklərlə yadda qaldığı müxtəlif hadisələrə dair "Sənaye üsulu ilə qazılmış ilk neft quyusu", "Dünyada rekord neft hasilatı - 1901-ci il", "Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb", "Müsəlman dünyasında ilk opera və balet", "Müsəlman dünyasında Avropa geyimində səhnəyə çıxmış ilk qadın", "Nobel mükafatı fondunun formalaşmasında Azərbaycanın rolu", "Dənizdə ilk neft şəhərciyi - Neft Daşları", "Müsəlman dünyasında ilk demokratik respublika", "Latın əlifbasına keçən ilk müsəlman ölkə", "Müsəlman dünyasında qadınlara seçki hüququ verən birinci ölkə", "Dünyanın ən hündür bayrağı", "Miniatür kitab muzeyi" adlı arayış-məlumatlar da verilib.

"Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsinin nəşri ölkəmizin tarixinin Argentina, ümumilikdə dünyanın ispandilli elmi-tədqiqat dairələrində tanıdılması üçün böyük əhəmiyyətə malikdir.

İl ərzində 4 nömrəsi nəşr olunan 31 illik tarixə malik "Historia" kitab-jurnalı Argentinada tarix sahəsində elmi araşdırmalara görə tanınmış nəşrlərdən hesab olunur və Argentina Senatı, Deputatlar Palatası, Argentinanın Mədəniyyət Katibliyi, Buenos-Ayres şəhər qanunvericilik orqanı və şəhərin Mədəniyyət Katibliyi tərəfindən rəsmən dəstəklənir.

"Historia" kitab-jurnalının Azərbaycana həsr olunmuş nömrəsi artıq Argentinanın aparıcı kitab mağazaları və köşklərində satışa çıxarılıb.

Xəbər lenti

Xəbər lenti