...

Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 25 Fevral 2012 10:19 (UTC +04:00)
Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunub
Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunub (FOTO)

Fransa, Straqsburq, 25 fevral / Trend, müxbir A. Məhərrəmli/

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 24-də Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında Azərbaycan və türk diaspor təşkilatlarının, Türkiyənin və GUAM ölkələrinin AŞ yanında Daimi nümayəndələrinin, Türkiyənin Baş Konsulunun, Strasburq universitetinin ziyalılarının, yerli və xarici qonaqların, eləcə də Strasburqda yaşayan soydaşlarımızın, iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Trend-ə cümə günü Azərbaycanın AŞ yanında Daimi nümayəndəliyindən məlumat verilib.

Tədbirdə habelə bu məqsədlə Strasburqa səfər etmiş Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edib. Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Rauf Əliyev və digərləri olub.

Mərasimdən öncə Xocalı qətliamının qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, Azərbaycanın Avropa Şurası önündəki bayrağının önünə əklil qoyulub və erməni vəhşiliyinin qurbanı olmuş xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir Avropa Parlamentlər Assosiasiyasının binasında davam edib.

Mərasimdə çıxış edən natiqlər iştirakçılara Xocalı soyqırımının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomateriallar təqdim olunub, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında, habelə "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında ətraflı məlumat verilib.

Tədbir boyu Xocalı soyqırımına dair filmi nümayiş etdirilib

Mərasimdə Daimi nümayəndəliyin rəhbəri Səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsl mahiyyəti barədə danışıb, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırıb. Məmmədov fevralın 24-də Elzas regionunun əsas mətbu orqanı olan "Dernières Nouvelles d'Alsace" ("Elzasın Son Xəbərləri") qəzetində Azərbaycanla bağlı, o cümlədən Xocalı soyqırımı ilə bağlı nəşr edilən geniş məqalələrin təcavüzkar ermənilərin əsl simaları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlərin vacibliyini qeyd edib.

Sonra çıxış edən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycan hökumətinin bu məsələni daima gündəmdə saxladığını, beynəlxalq ictimaiyyəti tərəfindən bu hadisələrə düzgün və obyektiv qiymət verilməsi istiqamətində ciddi iş apardığını qeyd edib.

O, Azərbaycan və türk diaspor təşkilatlarının bu sahədə birgə fəaliyyətinin vacibliyini qeyd edib və bu gün Azərbaycanın əsas məsələsinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası olduğunu vurğulayıb.

Məlumatda habelə bildirilir ki, fevarlın 24-də Xocalı faciəsinə dair həqiqətləri Fransa ictimaiyyətinə tanıtmaq məqsədilə Fransanın Elzas regionunun əsas mətbu orqanı olan "Dernières Nouvelles d'Alsace" ("Elzasın Son Xəbərləri") qəzetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş məqalə çap edilib. Xocalı faciəsindən yazan müəllif yazısında oxucuların diqqətini fevralın 25-dən 26-na keçən gecə Sovet ordusunun əsgərlərinin köməyi ilə Ermənistan silahlı birləşmələrinin törətdikləri vəhşiliklər nəticəsində Xocalı şəhərinin yer üzündən silindiyinə və orada yüzlərlə insanın qəsdən qətlə yetirildiyinə cəlb edib.

Xəbər lenti

Xəbər lenti