Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/
Avropa Məhkəməsində Çıraqov və digərlərinin Ermənistana qarşı, həmçinin Sarkisyanın Azərbaycana qarşı işləri üzrə yeni mərhələ başlayıb. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
O deyib ki, Avropa Məhkəməsi hər iki iş üzrə Azərbaycana suallar ünvanlayıb.
"Avropa Məhkəməsi hər iki şikayət üzrə Azərbaycanın mövqeyini bir daha dəqiqləşdirmək və yeni sübutların tədim olunmasını istəyir. Bundan sonra Avropa Məhkəməsi mahiyyəti üzrə işə baxacaq", - Əsgərov qeyd edib.
Onun sözlərinə görə, göndərilən suallar dəqiq xarakter daşıyır və onlara kifayət qədər əsaslandırılmış cavab veriləcək.
"Çıraqov və digərlərinin Ermənistana qarşı işi üzrə ünvanlanmış suallar Ermənistanın həmin ərazidə ümumi nəzarəti həyata keçirməsi, maliyyə dəstəyi, hərbi nəzarətlə bağlıdır. Bu məsələlər üzrə suallar ünvanlayıblar və bu suallar üzrə konkret sübutlar istəyirlər. Sarkisyanın Azərbaycana qarşı işi üzrə isə Gülüstan kəndinə kimin nəzarət etməsi məsələsinin aydınlaşdırılması istənilir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Gülüstan kəndi təmas xəttində olduğundan nə Azərbaycan, nə Ermənistanın nəzarətindədir", - sektor müdiri deyib.
Əsgərov hesab edir ki, proses bu templə davam edərsə, bu ilin sonu, gələn ilin əvvəlində Avropa Məhkəməsi Çıraqov və digərlərinin Ermənistana qarşı, həmçinin Sarkisyanın Azərbaycana qarşı işləri üzrə mahiyyəti üzrə qərar qəbul edəcək.