...

NATO-nun Mərkəzi Asiya maraqları

Siyasət Materials 5 Mart 2012 11:00 (UTC +04:00)
Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan) ölkələri Əfqanıstanla bağlı çətin bir sınaq dövrünə qədəm qoymuşlar.
NATO-nun Mərkəzi Asiya maraqları

Arzu Nağıyev, Trend-in eksperti

Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan) ölkələri Əfqanıstanla bağlı çətin bir sınaq dövrünə qədəm qoymuşlar. Belə ki, Vaşinqtonun rəsmi hesabatlarına əsasən, Qərb koalisiya qüvvələri 2014-cu ildə Əfqanıstandan çıxmalı və öz yerlərini Həmid Kərzai rejiminə verməlidirlər. Bu prosesdə region ölkələrinin rolu nədən ibarət ola bilər və hansı siyasi qarşılıqlı sərfə və digər fayda əldə etmək olar?

Əfqanıstanda Qərb koalisiya qüvvələrinin 25 hərbi və hərbi-texniki bazası, 17 dayaq nöqtəsi var. Bu infrastruktur nəinki Əfqanıstan, eyni zamanda, Rusiya və Çin də daxil olmaqla, qonşu ölkələrin bir sıra regionlarına da nəzarət etməyə imkan verir.

Bununla yanaşı, digər bir variant kimi, ABŞ hərbi kontingentin iştirakı ilə yeni bir format yaratmağa çalışaraq daxili hərbi əməliyyatlara qarışmadan baza və dayaq nöqtələrini saxlamaqda ölkəni tərk etməməyi də nəzərdə tutur. Bu isə yenidən Əfqanıstanda vətəndaş müharibəsinin qızışmasına gətirə bilər. ABŞ hərbiçilərinin loyal münasibət qarşısında mötədil və iddiasız talibançılarla əlaqələri və hətta onlara silah-sursat verəcəkləri barədə vədləri də belə mülahizələr yürütməyə əsas verir.

İstənilən halda bu proseslər Mərkəzi Asiya ölkələri üçün maneəsiz və müdaxiləsiz ötüşməyəcək.

NATO qoşunlarının, hərbi texnika və döyüş sursatının Qərb koalisiyası tərəfindən çıxarılacağı mülahizəsinə nəzər salanda görünür ki, döyüş sursatının çıxarılması marşrutu ən vacib faktorlardan biridir. Bir variant kimi Özbəkistan marşrutu üzərində danışıqlar aparılır.

Ağ Evin müvafiq tapşırığına əsasən, Dövlət Departamenti Özbəkistana hərbi yardımla bağlı qoyulan müvəqqəti qadağanı aradan qaldırmaq qərarına gəlib. Bu qadağa 2005-ci ildə Əndican hadisələrindən sonra Daşkəndə qarşı ABŞ-ın hərbi embarqosundan ibarət idi. Hazırda geosiyasi vəziyyəti nəzərə alaraq Vaşinqton Daşkəndə qarşı yumşalma nümayiş etdirməklə Əfqanıstan kontingentinin çox hissəsini Özbəkistan vasitəsilə çıxarmağı nəzərdə tutur. Bu barədə rəsmən elan edilməsə də, ABŞ hərbi emissarlarının Özbəkistana səfərlərinin sayı son zamanlar artıb.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın sözlərinə görə, "Özbəkistan hərbi yardım alacaq, lakin onun əhatə dairəsi məhduddur və əlbəttə ki, ölümcül deyil". Belə silahlara isə adətən polis silahları və kütləvi nümayişləri dağıtmaq üçün nəzərdə tutulmuş travmatik avadanlıqlar aiddir.

Demokratik dəyərlərin beynəlxalq qəyyumu kimi çıxış edən bir ölkənin polisi silahlandırmaq kimi addım atması yəqin ki, başqa çıxış yolunun olmamasından xəbər verir. Deməli, ən vacib məsələ Əfqanıstandan qoşunların çıxarılması üçün ilkin tranzit bazanın əldə edilməsidir.

Bir çox region dövlətləri tranzit marşrut və ya baza vermək üçün öz ərazilərini təklif etsələr də, Özbəkistana heç bir, hətta stabillik baxımından, alternativ olmadığı qərarına gəlmək olar. Eyni zamanda, Özbəkistan daxili siyasətini müstəqil quran ölkə olduğunu sübut etməyə çalışmaqla yanaşı, ABŞ kimi dövlətlə hərbi alyans yaratmağa səylər göstərir.

Belə nəticəyə gəlmək olar ki, Özbəkistan coğrafi mövqe baxımından bu əməliyyatları yerinə yetirə biləcək yeganə ölkə olmasa da və bu əməliyyatlar koalisiyanın bütün kontingentinə şamil edilməsə də, birmənalı şəkildə Vaşinqton üçün Daşkənd variantı daha böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın dövlət katibi Hillari Klinton son iki ildə Mərkəzi Asiyaya səfərləri vaxtı iki dəfə Daşkənddə olub. ABŞ tərəfindən heç bir digər Mərkəzi Asiya dövlətinin paytaxtı belə diqqətə layiq görülməyib. Aydındır ki, bu diqqət Daşkənd tərəfindən də strateji əməkdaşlıq haqqında rəsmi və ya qeyri-rəsmi müqavilə bağlamaq üçün ABŞ-ın təklifi kimi qəbul olunacaqdır.

Xəbər lenti

Xəbər lenti