...

Azərbaycan deputatları "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə fikirlərini bildiriblər

Siyasət Materials 10 Aprel 2012 13:35 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər Milli Məclisin komitəsində müzakirə edilib.
Azərbaycan deputatları "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə fikirlərini bildiriblər

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir M.Əliyev/

"Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər Milli Məclisin komitəsində müzakirə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin partiya təmsilçiləri ilə birgə keçirdiyi iclasda qanuna dəyişikliklərin müzakirəsi zamanı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə dəyişikliklərdə göstərilən siyasi partiyaların proqramının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasına öz etirazını bildirib.

Ağazadə deyib ki, hər partiyanın seçkilərdə müəyyən taktikası olur ki, onu da açıqlamaq məcburiyyətində qalmalı deyil. O, partiyaların dövlət tərəfindən maliyyəşdirilməsi mexanizminə də öz iradını bildirib.

"Seçkilərdə cəmi 2 dairədən namizəd irəli sürən və təsadüfən 1 deputat yeri qazanan partiya ilə 125 dairədən namizəd irəli sürüb 1 deputat yeri qazanan partiyalara eyni həcmdə dövlət vəsaitinin ayrılması ədalətsizlikdir", - o deyib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyələşməlidir. O hesab edir ki, hansısa fiziki və yaxud hüquqi şəxsin partiyanın fəaliyyətini maliyyələşdirməsi zamanı həmin partiyanın o şəxsdən asılılığı yaranır. O həmçinin qeyd edib ki, maliyyə vəsaiti yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılsın.

"Bu belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasına kommersiya obyekti kimi baxılacaq", - o deyib.

Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı qanuna dəyişiklikləri mütərəqqi hal adlandırıb. O da təklifləri sırasında qeyd edib ki, siyasi partiyaların qeydiyyatını sadələşdirməyə ehtiyac var.

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc qanuna dəyişikliklərə Venesiya Komissiyası tərəfindən rəy verildiyini qeyd edərək, komissiyanın məqbul hesab etmədiyi bir sıra qərəzli müddəalarını da səsləndirib.

"Venesiya Komissiyası qanunda edilən dəyişikliklərdə xarici vətəndaşların partiya təsis etmək qadağasına etiraz edib. Halbuki bir sıra Avropa ölkələrində də bu qadağa var", - o deyib.

Oruc həmçinin qanuna dəyişikliklər hazırlanarkən təklif olunan 5 min nəfər üzvü olan partiyalara maliyyə vəsaitinin verilməsini də müsbət hesab edib və onu da dəyişikliklər sırasında olmasını vacib sayıb.

İclasda, həmçinin millət vəkili Asim Mollazadə, Fərəc Quliyev, Sabir Rüstəmxanlı, İlyas İsmayılov da qanuna dəyişikliklərə münasibət bildiriblər.

Xəbər lenti

Xəbər lenti