Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/
Bakıda 2012-ci ilin noyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) zirvə toplantısı keçiriləcək. Bu barədə Trend-ə cümə günü təşkilatın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT PA-nın sədr müavini Asəf Hacıyev bildirib.
Deputat həmçinin bildirib ki, bu ilin may ayında qurumun Yerevanda keçiriləcək növbəti 39-cu toplantısında QDİƏT PA-ya sədrlik Ermənistandan Azərbaycana keçəcək. Azərbaycan nümayəndə heyətinin Yerevanda keçiriləcək iclasda iştirakı məsələsi ilə bağlı Hacıyev bildirib ki, prosedur qaydalarına uyğun olaraq Azərbaycana rəsmi dəvət göndərilməlidir.
Qeyd edək ki, QDİƏT PA-da sədrlik rotasiya qaydasında hər 6 aydan bir əlifba sırası ilə bir ölkədən digərinə keçir. QDİƏT PA-nın sonuncu toplantısı ötən il noyabrın 21-də Tiranada (Albaniya) keçirilib.