...

Mehriban Əliyeva: Biz bütün dünyadan gələn milyonlarla tamaşaçı və idmançını qəbul etməyə hazırıq (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 14 Aprel 2012 19:38 (UTC +04:00)
Mehriban Əliyeva: Biz bütün dünyadan gələn milyonlarla tamaşaçı və idmançını qəbul etməyə hazırıq.
Mehriban Əliyeva: Biz bütün dünyadan gələn milyonlarla tamaşaçı və idmançını qəbul etməyə hazırıq (ƏLAVƏ OLUNUB)(FOTO)

(Mehriban Əliyevanın çıxışı əlavə olunub)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyası keçirilmişdir.
Assambleya çərçivəsində 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimi olmuşdur. Bu barədə AzərTAc xəbər verir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.

Assambleyada tarixdə ilk dəfə olaraq dünyanın bütün qitələrindəki ölkələrdən olimpiya hərəkatlarının mindən artıq lideri, idman nazirləri və idman ictimaiyyətinin nümayəndələri Rusiya paytaxtında toplaşmışdır. Tədbirin məqsədi Milli Olimpiya komitələrinə informasiya və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır. Bu təşkilatın hər iki ildən bir keçirilən Baş Assambleyalarında Milli Olimpiya komitələrinin olimpiya hərəkatında rolu, dopinqlə mübarizə, idmanda marketinqin əhəmiyyəti və digər məsələlər müzakirə olunur.

Azərbaycanın isə 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi üçün iddia ərizəsi ilə müraciət etməsi sürətlə inkişaf edən ölkəmizin artan nüfuzundan, irimiqyaslı layihələrlə yanaşı, mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə qadir olmasından xəbər verir.

Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasını təşkilatın prezidenti səlahiyyətlərini icra edən Şeyx Əhməd əl-Fəhad əl-Sabah açdı. Sonra 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin təqdimat mərasimi başladı. Hər bir şəhərə 10 dəqiqə vaxt verildi. İstanbul və Tokionun iddia komitələrinin üzvləri Türkiyənin və Yaponiyanın iri şəhərlərinin dünyanın ən mötəbər idman tədbirinə ev sahibliyi etməyə hazır olduqları və Olimpiada üçün nəzərdə tutulan infrastruktur, idman qurğuları və Olimpiya şəhərcikləri barədə ətraflı məlumat verdilər.

Azərbaycan paytaxtının təqdimat mərasimi Bakıya həsr olunan videoçarxın nümayişi ilə başladı.

Bakının iddia komitəsi kommunikasiya departamentinin müdiri Nərgiz Birk-Petersen Azərbaycan paytaxtının Olimpiya Oyunları üçün özəlliyindən danışdı. Bildirdi ki, Bakı Olimpiya Oyunları üçün xüsusi məkandır. "Əsrlər boyu Bakı insanların bir araya gəldiyi, mədəniyyətlərin qovuşduğu bir şəhər olub", - deyən Nərgiz Birk-Petersen Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına layiqincə ev sahibliyi edəcəyinə, bununla da gələcəkdə Olimpiya Oyunlarının keçirilməsi baxımından davamlı modelin yaradılacağına əmin olduğunu vurğuladı.

Azərbaycanın sürətli inkişafından danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov isə Bakının idman üçün çox əlverişli şəhər olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 2020-ci ildə Bakıda Olimpiya Oyunlarının keçirilməsi xeyli müsbət nəticələr verəcək və Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı "Biz birlikdə bacararıq" şüarının reallaşmasına şərait yaradacaqdır.

"Olimpiya Oyunlarına ev sahibliyi edən ölkənin məqsədi təkcə gözəl oyunlar keçirmək deyil, həmçinin hərəkata davamlı olaraq töhfəsini verməkdir", - deyən Elxan Məmmədov Bakının Olimpiya hərəkatı tarixində yeni bir səhifə açacağına əminliyini vurğuladı.

AFFA-nın baş katibi Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsinin Beynəlxalq Olimpiya Komitəsi və onun tərəfdaşları üçün yeni bazarlar açacağını da qeyd etdi və dedi ki, Bakı Olimpiadası tikiləcək olimpiya qurğularının oyunlar bitdikdən sonra yerli və qonşu ölkələrdən olan idmançılara xidmət etməsi ilə də yadda qala bilər.

Bakı-2020 Olimpiya Oyunlarının planını hazırlamaq üçün istedadlı gənclərdən ibarət Azərbaycan komandası ilə işləməkdən qürur hissi duyduğunu deyən Bakının iddia komitəsinin məsləhətçisi, Olimpiya Oyunları veteranı Bob Elfinston bu günə qədər görülən böyük işlərlə fəxr etdiklərini bildirdi və iştirakçılara təqdim olunan videoçarxın onlarda böyük təəssürat yaradacağına əminliyini ifadə etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

İştirakçıları salamlayan Mehriban Əliyeva 2020-ci ildə Bakının Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini təqdim etməkdən şərəf hissi duyduğunu bildirib.

"Biz bu oyunların uğurlu olması işinə sadiqik və bu oyunları ölkəmizdə keçirmək arzumuz hökumətin, Bakı şəhərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan xalqının güclü dəstəyinə və ictimaiyyətin 95 faizinin razılığına arxalanır. Azərbaycan bütün dünyanı Xəzərin sahillərində salamlamağı çox istəyir, dünyanın hər yanından minlərlə idmançı və milyonlarla iştirakçıya xidmət göstərməyə hazırdır.

Paytaxtımız Bakı özündə qədimliyin və müasirliyin harmoniya təşkil etdiyi kosmopolit şəhərdir. Şəhərimiz qədim tarixə və zəngin mədəni irsə malikdir. Bura Şərq ilə Qərbin qovuşduğu nadir bir məkandır. Uzun illər burada mövcud olan sülh, müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik bizim identifikasiyamızın özəyini təşkil etmişdir", - birinci xanım deyib.

Mehriban Əliyevanın sözlərinə görə, bizim idman ənənələrimiz uzun tarixə söykənir.

"Qobustandakı qayaüstü rəsmlər bizim ulu babalarımızın idmanda bir-biriləri ilə rəqabət apardığını, yarışdığını əks etdirir. Əfsanələr onu sübut edir ki, bir çox gənclər hazırda da məşhur olan müxtəlif idman yarışlarında öz qüvvələrini sınamadan özlərinə ad əldə edə bilmirmişlər. Bizim dünya olimpiya ailəsinə yeni üzv olmağımıza baxmayaraq, Azərbaycan idmançılarının beynəlxalq arenalardakı qələbələri getdikcə daha da çoxalır, eyni zamanda, ölkədə idman infrastrukturunun yaradılmasına qoyulan güclü sərmayə bizim idmana və Olimpiya hərəkatına olan həvəsimizi sübut edir. Biz idman oyunlarının keçirilməsi üçün siyasi və maliyyə öhdəliklərini başa düşürük. İcazə verin sizi əmin edim ki, biz hazırıq. Biz hazırıq ona görə ki, həmin oyunların ölkəmizdə keçirilməsini istəyirik.

Son səkkiz ildə ümumi daxili məhsulumuzun nəzərəçarpacaq 300 faiz artımı, çoxsaylı iqtisadi, sosial, ətraf mühit layihələrinin həyata keçirilməsi bizim 9 milyonluq əhalimizin hər birinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib", - Əliyeva bildirib.

Azərbaycanın birinci xanımı Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə Olimpiya və Paralimpiya hərəkatlarına diqqət və qayğılarına, onları qiymətləndirdiklərinə görə minnətdarlığını bildirib.

"Biz Azərbaycanda bu dəyərləri tam bölüşürük.

Əgər Bakı 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə nail olarsa biz bütün dünyanı təmiz, ədalətli rəqabətdə və yarışlarda bir araya gətirəcəyik. Biz sülh və dostluq naminə humanist amallarımızı bölüşəcəyik. Bizim şəhərimizin qədim simvolu olan Bakının əbədi məşəli Olimpiyanın sülh və ümid məşəlini salamlayanda bütün xalqımız böyük zəhmət və səylərimiz nəticəsində həyata keçəcək birgə arzularımızı qeyd edəcəkdir. Biz bu arzularımızı Bakıdakı bütün qonaqlarımızla birgə bölüşəcəyimizə ümid edirik.
Diqqətinizə görə təşəkkür edirəm və sizə ən xoş arzularımı çatdırıram", - Mehriban Əliyeva bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də daxil idi.

Baş Assambleyada daha sonra Qətərin paytaxtı Doha və İspaniyanın paytaxtı Madrid şəhərlərinin təqdimatları olmuşdur.

Namizəd şəhərlərin birinci təqdimat mərasimi fevral ayında keçirilmişdir. İki mərhələdən ibarət seçimdən sonra 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiadasının hansı şəhərdə keçiriləcəyini Argentinanın paytaxtı Buenos-Ayresdə elan edəcəkdir.

Onu da qeyd edək ki, iddiaçı şəhərlər arasında ən böyük ictimai dəstək alan məhz Bakı olmuşdur.

Moskvada keçirilən Baş Assambleya çərçivəsində Ümumdünya Olimpiya İdman Forumu, habelə Milli Olimpiya Komitələri Assosiasiyasının İcraiyyə Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Milli Olimpiya Komitələri Assosiasiyası Baş Assambleyasının iclasları da olacaqdır.

Xatırladaq ki, Milli Olimpiya Komitələri Assosiasiyasına Afrika Milli Olimpiya Komitələri Assosiasiyası, Panamerika İdman Təşkilatı, Asiya Olimpiya Şurası, Avropa Olimpiya və Okeaniya Milli Olimpiya komitələri daxildir.

Fotoşəkillər - AzərTAc:

Xəbər lenti

Xəbər lenti