...

Azad Rəhimov Küveytə rəsmi səfərə gedib (FOTO)

Siyasət Materials 19 Aprel 2012 20:08 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin sədri, general Feysal Əl Cəzzafın dəvəti ilə Əl-Küveyt şəhərinə rəsmi səfər edib.
Azad Rəhimov Küveytə rəsmi səfərə gedib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin sədri, general Feysal Əl Cəzzafın dəvəti ilə Əl-Küveyt şəhərinə rəsmi səfər edib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfər iki ölkə arasında 2010-cu il aprel ayının 16-da Bakı şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş"i və 2011-ci il yanvar ayının 10-da Əl-Küveyt şəhərində bağlanan "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu" əsasında həyata keçirilir.

Aprelin 19-da Küveytin Gənclər və İdman Dövlət Komitəsində hər iki ölkənin nümayəndə heyətləri arasında dolğun müzakirələr aparılıb, daha sonra isə Rəhimov və general Cəzzafın iştirakı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Azad Rəhimov Küveytə səfəri zamanı buradakı idman kompleksləri, müxtəlif növ idman federasiyaların fəaliyyətləri ilə yaxından tanış olmaq imkanının yarandığını, həmçinin Küveytli həmkarı ilə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da sürətlə inkişafı perspektivləri ətrafında səmərəli fikir mübadiləsini apardıqlarını bildirib. Habelə, nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb. Eyni zamanda, Rəhimov son illər ərzində Azərbaycanda istismara verilən çoxsaylı idman komplekslərinin geniş infrastrukturu haqqında müfəssəl məlumat verib. Məhz bu böyük potensiala əsaslanaraq, Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyinin irəli sürüldüyü KİV nümayəndələrinin diqqətinə çatdırılıb.

Öz növbəsində general Feysal Əl Cəzzaf azərbaycanlı həmkarının sözləri ilə tam razılaşaraq, 2010-cu ildə ölkəmizə rəsmi səfəri zamanı burada gənclərə və idmana dövlət səviyyəsində göstərilən diqqətin əyani şahidi olduğunu bildirib.

Küveyt gənclər təşkilatının üzvlərinin Azərbaycana səfər etdiklərini, Küveytin ən böyük karate və uşu idman növləri üzrə klubları üçün 2010-11-ci illərdə Bakı şəhərində təlim-məşq toplantılarının keçirildiyini və bununla yanaşı, Azərbaycana gələn Küveyt idmançılarının istirahəti üçün də münasib şəraitinin yaradıldığını qeyd edib.

Söhbət əsnasında hər iki tərəf Azərbaycanın "İrəli" İctimai Birliyinin Küveyt və ümumiyyətlə, Yaxın Şərq regionunda aparıcı gənclər təşkilatı sayılan "LoYAC-Lothan Youth Achievement Center"lə artıq imzaladığı (2010-cu il aprel ayının 16-da) "Anlaşma Memorandumu"nun əhəmiyyətini xüsusi vurğulayaraq, sözügedən iki qurum arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

Elə həmin gün Azad Rəhimov Küveytin Skvoş Federasiyası və Atıclıq poliqonu ilə tanış olub.

İki gün davam edəcək səfər zamanı Azad Rəhimovun Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşləri, həmçinin, "Ərəb Klubu" üzgüçülük və "Bayan" nümunəvi idman kompleksləri ilə tanışlığı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti