...

Hakim partiya: Azərbaycan və Türkiyə vətəndaşlarının müqəddəs vəzifəsi "erməni soyqırımı" yalanlarının qarşısını almaqdır

Siyasət Materials 24 Aprel 2012 13:21 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda çərşənbə axşamı uydurma "erməni soyqırımı"na dair "dəyirmi masa" keçirilib.
Hakim partiya: Azərbaycan və Türkiyə vətəndaşlarının müqəddəs vəzifəsi "erməni soyqırımı" yalanlarının qarşısını almaqdır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda çərşənbə axşamı uydurma "erməni soyqırımı"na dair "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında YAP-ın sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, yaşadığımız regionun həyatında ən böyük iftira və ədalətsizlik bu uydurma "erməni soyqırımı"dır.

"Erməni soyqırımı" yalanlarının kökündə insanlar arasında nifrət yaymaq istəyi durub", - o bildirib. Əhmədov deyib ki, həmin ideologiyanın sifətini müəyyənləşdirən onun antitürk, antiazərbaycan mövqeyində dayanmasıdır.

Millət vəkili qeyd edib ki, hər bir Türkiyə və Azərbaycan vətəndaşının müqəddəs vəzifəsi bu yalanların qarşısını almaqdan ibarət olmalıdır.

"Hesab edirəm ki, dünyanın hər yerində istər türklər, istər Azərbaycanlılar, istər qüdrətli düşünən hər bir insan, kimliyindən asılı olmayaraq, bu uydurma, ziyanlı, insanlığa qarşı çevrilmiş ideologiyaya sinə gərməli və ona yox deməlidir", - Əhmədov deyib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı "dəyirmi masa"da bildirib ki, qondarma "erməni soyqırımı"nın ifşası istiqamətində atılan addımlar artıq öz nəticəsini verir.

"Xocalı soyqırımı ilə bağlı Taksim meydanında keçirilən aksiya və Bakıda Xocalı yürüşü bunun bariz nümunəsidir. Biz bu istiqamətdə mübarizəmizi davam etdirməliyik", - Ağamalı deyib.

Millət vəkili İlyas İsmayılov isə "dəyirmi masa"da vurğulayıb ki, qondarma "erməni soyqırımı" məsələsi kimlərəsə lazımlı bir alətdir və Azərbaycanla Türkiyəyə qarşı çevrilib. O, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindən danışaraq qeyd edib ki, bu məsələ Azərbaycanın da qeyri-daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasında qaldırılmalıdır.

Milli Məclisin deputatı, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyeva tədbirdə bildirib ki, ermənilər 100 il əvvəl müharibə, xəstəlik və digər fövqaladə hallar zamanı həlak olmuş insanları soyqırım aktı kimi dünyaya təqdim etməyə çalışır. O deyib ki, alimlər və tədqiqatçılar araşdırmalar aparıblar və tam sübuta yetirilib ki, erməni soyqırımı baş verməyib.

"Soyqırım termininin dəqiq tərifi var və o zaman baş verən hadisələr heç cür soyqırım tərifinə uyğun gəlmir", - Baxşəliyeva deyib.

Xəbər lenti

Xəbər lenti