...

Azərbaycan və Kolumbiya parlamentləri arasında dostluq qrupunun yaradılması təklif edilib

Siyasət Materials 1 May 2012 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı Aydın Mirzəzadə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Kolumbiya Senatında Dağlıq Qarabağ məsələsi, o cümlədən Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı qətnamənin qəbul olunmasını Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirərək bildirib ki, məsələ ilə bağlı Kolumbiya parlamentinə minnətdarlıq məktubu ünvanlayıb.

Onun sözlərinə görə, Kolumbiya Senatının qəbul etdiyi sənəddə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işi dəstəklənir, Azərbaycan torpaqlarının, o cümlədən Xocalının ermənilər tərəfindən işğal olunduğu, Xocalıda əsrin faciəsi törədildiyi açıq şəikldə qeyd olunur.

"Bu məqamların yer alması olduqca vacib və əhəmiyyətlidir. Bu gün nə Azərbaycanın Kolumbiyada, nə də Kolumbiyanın Azərbaycanda diplomatik korpusu var. Ancaq buna baxmayaraq, Azərbaycandan çox-çox uzaqlarda yerləşən bir ölkədə - Kolumbiyada bu cür vacib sənədin qəbul olunması bir daha onu göstərir ki, Azərbaycan həqiqətləri, Azərbaycan diplomatiyası ölkə hüdudlarından kənarda da qəbul olunur", - o deyib.

Deputat təklif edib ki, Azərbaycan Parlamenti adından Kolumbiya Senatının sədrinə təşəkkür məktubu göndərilsin. "Həmçinin Azərbaycan Parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılsın və mən bu qrupun məmuniyyətlə üzvü olardım", - Mirzəzadə əlavə edib.

Millət vəkilinin fikirləri və təklifi spiker Oqtay Əsədov tərəfindən də razılıqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti