Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/
İranda Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq mayın 21-də Təbriz və Urmiyada kütləvi etiraz aksiyaları keçirilib, polisin müdaxiləsi ilə aksiyada gərginlik yaşanıb. Bu barədə Trend İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Assosiasiyasına (ADAPP) istinadən məlumat verir.
Məlumata əsasən, polislər motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum ediblər.
Təbrizdə və Urmiyada polis plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. Hadisə şahidlərinin məlumatına əsasən, Təbriz və Urmiyada 100 nəfərdən çox aksiya iştirakçısı həbs olunub.
Məlumatda həmçinin bildirilir ki, Təbriz şəhərində Abrasan meydanında polis və aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Təbrizin Saat meydanı, Şahnaz xiyabanı və digər bir neçə xiyabanında polis qüvvələri əhalinin toplaşmasının qarşısını alıb.
2011-ci ildə də Urmiya gölünün qurumasına Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyalar zamanı da onlarla azərbaycanlı fəal həbs olunaraq ağır cəzalandırılmışdı.
Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.
Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.